Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.
Bu barədə "Report"a onun qardaşı Qalib Toğrul məlumat verib.
Məlumata görə, həbs qətimkan tədbiri olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər.
Qeyd edək ki, məhkəmə ötən ay Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Bu il aprelin 22-də isə Qubad İbadoğlu Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ev dustaqlığına buraxılıb.