Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı iş adamı Fazil Qasımovun məhkəməsi başlayıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət verərək bildirib ki, müvəkkili 60 gündən çoxdur ki, aclıq aksiyası keçirir ona görə də onun səhhətində problemlər yaranıb. O, məhkəmədən F.Qasımovun ev dustaqlığına buraxılmasını xahiş edib.
Müttəhim F.Qasımov digər vəsatətində cinayət işi üzrə Qubad İbadoğlu ilə birlikdə ittiham olunduqları üçün işə bir icraatda baxılmasını istəyib. Həmçinin o, başqa bir vəsatətində cinayət işinə xitam verilməsini də xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin vəsatətlərini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti iclası avqustun 29-na təyin olunub.
Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.
Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir.
Rəylər