Ermənistanın Baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir.
Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir.
Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”,- deyə XİN-in mətbuat xidmətinin rəhbəri söyləyib.
Açıqlamada bildirilir ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.
Hikmət Hacıyev bir daha vurğulayıb ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.