"Dünyada qadınlara qarşı zorakılıq ciddi problem olaraq qalır və qurbanların böyük hissəsi ən yaxın çevrələrindən təhlükə ilə üzləşirlər".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada qadın qətllərinin 60 faizi öz partnyoru tərəfindən törədilir və bu göstərici ciddi çağırışlar formalaşdırır.
"Bir çox yerlərdə qadınların yaşayış məskənləri ilə təmin olunması adekvat şəkildə həyata keçirilmir. Onların təhlükəsizliyi, sağlamlığı, haqq və hüquqları nəzərə alınmır", - deyə o bildirib.
Anaklaudia Rossbax qeyd edib ki, mənzil təminatındakı problemlər qadınların təhsil və mülkiyyət hüquqlarına da mənfi təsir göstərir:
"Onlar təhsil hüququndan məhrum olmaqla yanaşı, torpaq sahibi olmaq hüququndan da geri qalırlar. Bütün bu hüquqsuzluq onları zəif göstərə bilər və qadınlara qarşı cinayətlər törətməyə cəsarət verir".