Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Rusiya təbliğatının ənənəvi aqressiyası - Azərbaycanın haqlı tələblərinə şantajla cavab](https://images.oxu.az/2025/02/07/TOfVn10gp872klH4eF9u9IJhCm0caTHwLkyfhW1Q:1200.jpg)
Rusiya təbliğatının ənənəvi aqressiyası - Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, "Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb.
Keçmiş sovet respublikalarına qarşı siyasət yürüdərkən Rusiya tərəfi ənənəvi olaraq onların diasporuna təzyiqlərin olacağı ilə təhdid edir. Şimal qonşumuz bu dəfə də özünün ağır artilleriyasını işə salmaq qərarına gəlib. Məsələyə bu ölkənin hakim "Yedinaya Rossiya" Partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış "tədbirlər"in görülməsini təklif ediblər. Belə ki, deputat Nikolay Valuyev Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılması, qanuni yaşayanların isə hərbi uçota götürülməsi, cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri xəstə və irqçi təxəyyülünə xas formada rus dilindəki jarqonlardan istifadə etməklə "şobla-vobla" adlandırıb.
Özünü yüzə yaxın xalqın dövləti kimi təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqonlarla təhqirlər yağdırırsa, bu, həmin ölkədə yaşayan və ya oraya hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır.
Məlum məsələdir ki, Azərbaycana qarşı addımlarla bağlı təkliflər paketi ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu deyil. Bunun kökünü Kremldən gələn göstərişlərdə axtarmaq lazımdır.
Buna sübut kimi həmin partiyanın Dövlət Dumasındakı digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflər diqqət çəkir. Onun sözlərinə görə, əgər "Rossotrudniçestvo"nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyadakı şirkətlərinin də fəaliyyətinə baxmaq lazımdır.
Ukraynanın Donetsk vilayətində separatçı fəaliyyətilə qazandığı uğurlara görə Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk adlı birisi isə özünün terrorçu mahiyyətini ortalığa qoyaraq "Crocus" şirkətinin və "Sadovod" ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb. Gələcəkdə erməni separatçısı Arayik Arutunyanın taleyini yaşaya biləcək A.Pinçuk nəzərə almayıb ki, "Sadovod" Prezident Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.
Belə bir təklifi iki faktorla izah etmək olar. Ola bilər ki, Pinçukun başı Donetskdə separatçılığa elə qarışıb ki, vacib məsələlərdən məlumatsızdır. Və ya Rusiyada mərkəzdənqaçma meylləri elə güclənib ki, hətta hakimiyyətyönlü təbliğatçılar da özlərində ölkə rəhbərinə meydan oxumaq cürəti tapıblar.
Bu ara rusiyalı təbliğatçılar hədlərini o dərəcədə aşıblar ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasında rəsmi Bakının özünü ittiham etməyə başlayıblar.
İttihamlara qalsa, Azərbaycan Rusiyanı "top atəşinə" tutar. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı zamanı Rusiyanın birmənalı dəstəyindən tutmuş, ötən əsrin 90-cı illərində bir milyard dollarlıq silahın İrəvana verilməsinə qədər. Məsələni ictimailəşdirən general Lev Roxlinin öldürülməsini də bu sıraya qatmaq olar. Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimləri də məhz Kremlin birbaşa dəstəyi sayəsində iqtidarı əldə saxlayırdılar.
İkinci Qarabağ Müharibəsi zamanı da Rusiya 90-cı illərdəki addımlarını təkrarladı. Erməni tərəfi Rusiya tərəfindən silahlandırıldı, Azərbaycana qarşı istifadə edilmək üçün onlara "İsgəndər", "Pantsir" və digər sistemlər verildi.
44 gün ərzində Azərbaycan mətbuatı bununla bağlı dəfələrlə yazılar dərc etdi, məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirildi.
Silah yardımından əlavə, Rusiya Ermənistana informasiya sahəsində də lazımi yardımı göstərdi. Bu ölkənin əsas telekanallarının efirindən solovyovlar, skobeyevalar və digərləri Azərbaycana qarşı saysız-hesabsız tənqid, təhqir, hədələr yağdırdılar.
Onlar hətta Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini də Rusiyanın xoş niyyəti kimi qələmə verirlər. Yəqin bu "xoş niyyət" Rusiyanın hər vəchlə torpaqların tam azad edilməsinə mane olmağa çalışması olub. Vəziyyəti nəzarətdən qaçırmamaq üçün Moskvanın son ümidi - bölgəyə yeridilən sülhməramlılarla bağlı idi. Kremldə elə bilirdilər ki, Qarabağı da Ukraynanın ərazisində qeyri-qanuni yaradılmış LNR və DNR kimi istifadə etmək olar.
Bu fonda rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda qəfil peyda olmasını da yalnız sadəlövh insanlar təsadüf saya bilər. Rusiyada Vardanyan kimi oliqarxların birbaşa olaraq xüsusi xidmət orqanlarının kurasiyası altında fəaliyyət göstərdiyini nəzərə alsaq, onun da Kremlin layihəsi kimi qəbul edilməsi təbiidir. Bundan başqa, həmin zaman Qarabağda Rusiya diasporu da peyda oldu. Hətta ona sədr də tapıldı. Lakin Azərbaycan jurnalistlərinin qısa araşdırmasından sonra məlum oldu ki, həmin sədr də son təyinatına qədər Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olub.
Miqrantlarla bağlı şantajlara gəldikdə, Rusiyada bu kateqoriyadan olan insanlarla necə davranılması hamıya məlumdur. İnsanları şantaj edib, hədə-qorxu gəlib müharibəyə aparır və qırğına verirlər.
Azərbaycana qarşı təbliğatçıların istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10%-ni təşkil edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75%-ni Rusiyanın Azərbaycana ixracı təşkil edir. Kimə daha böyük ziyan dəyəcəyi də elə bu rəqəmlə izah olunur.
Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın təbliğatçıların ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır.
"Report" İnformasiya Agentliyi
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb
- Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti - Olmayan imicin itirilmə qorxusu
- AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib