"Hazırkı məqamda nə Rusiya, nə də Ukraynanın danışıqlar masası arxasına əyləşəcəyi real görünür. Çünki bəzi Qərb ölkələrinin mövqeyi prosesi çıxılmaz vəziyyətə aparır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

O bildirib ki, iki ölkə arasında azı atəşkəsin əldə olunması üçün yalnız ABŞ və Türkiyə addımlar atırlar:
"Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra ABŞ də bu prosesə qoşuldu. Rəsmi Ankara isə ilk gündən etibarən sözügedən məsələ ilə bağlı səylər göstərirdi. 2022-ci ilin aprel-may aylarında Türkiyədə keçirilən görüşlər, Rəcəb Tayyib Ərdoğanın proseslərdəki aktiv rolu, yüksəksəviyyəli görüşlər keçirməsi bir daha təsdiq edir ki, rəsmi Ankara iki ölkə arasında sülhə nail olmaq istəyir. Ərdoğan həm Moskvanı, həm də Kiyevi danışıqlar masasına gətirmək, həmçinin Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün cəhdlər etdi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi Avropa ölkələrinin mövqeyi fərqli idi. Onlar bu prosesə qoşularaq sülhün əldə edilməsinin qarşısını aldılar. Nəticədə müharibə bu gün də davam edir və dayandırılması çətindir. Çünki Ukraynanın adından Qərb çıxış edir. Bu da vəziyyəti daha da gərginləşdirir. Rusiya da buna görə əsassız şərtlər irəli sürür. Ona görə də Putin Trampla son telefon danışığında Ukraynanın bir sıra şəhərlərinin onlara verilməsi tələbini irəli sürdü".
Politoloq vurğulayıb ki, Rusiyaya qarşı təzyiqlər, o cümlədən ABŞ Konqresinin bu ölkəyə qarşı əlavə sanksiyalar paketi qəbul etməsi nəticə verməyəcək:
"Ağ Ev lideri əvvəllər Ukraynaya ciddi təzyiq edirdi. Lakin əlvan metallarla bağlı razılaşma olduqdan sonra Kiyevə qarşı mövqe dəyişdi. Tramp daha sonra Rusiyaya qarşı sanksiyalar dili ilə danışmağa başladı. O, həmçinin Çinlə danışıqlar aparmağa çalışdı ki, Rusiyadan qaz alışını dayandırsınlar. Yaxın vaxtlarda Hindistanla da bu addımı atmağı planlayır. Ümumilikdə isə rəsmi Vaşinqton müəyyən sanksiyalara qoşuldu. Amma bugünkü reallıqlar fərqlidir. Danışıqlar, sanksiyalar müəyyən məqsədlərə xidmət etsə də, yaxın perspektivdə sülh və atəşkəsin əldə olunması real görünmür. Düzdür, gələcəkdə bu olacaq. Lakin müharibə nə qədər tez yekunlaşarsa, itkilər də bir o qədər az olar. Hələlik isə iqtisadi və siyasi maraqlar sülhün əldə olunmasının qarşısını alır".
Volodimir Zelenskinin isə bu hadisələr fonunda Türkiyəyə səfərini Oxu.Az-a şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik təmaslar artır.

O əlavə edib ki, son həftələrdə ABŞ-Türkiyə-Rusiya arasında artan təmaslar danışıqlar prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Donald Tramp administrasiyasının Moskva ilə gizli məsləhətləşmələr aparması, Uitkoffun bu prosesə rəhbərlik etməsi, rəsmi Vaşinqtonun müharibənin sonlandırılması üçün daha aktiv və alternativ diplomatik model axtardığını göstərir. Təklif olunan planın dörd əsas istiqamətə - Rusiya-Ukrayna sülhü, Kiyev üçün təminatlar, Avropa təhlükəsizliyi və ABŞ-nin hər iki ölkə ilə gələcək münasibətlərinə -bölünməsi göstərir ki, Ağ Ev problemi yalnız hərbi qarşıdurma kimi deyil, geniş geosiyasi balans məsələsi kimi qiymətləndirir. Bu istiqamətdə Türkiyənin rolu əhəmiyyət daşıyır. Ankara 2022-ci ildə İstanbul danışıqlarını təşkil etməklə əsir mübadilələrini uğurla həyata keçirdi, Qara Dəniz taxıl təşəbbüsünü gerçəkləşdirməklə nüfuzlu vasitəçi olduğunu sübut etdi".
R.Bayramov qeyd edib ki, Türkiyə xarici işlər nazirinin müharibənin bitməsinə dair verdiyi mesajlar təsadüfü deyil:
"Rəsmi Ankara Rusiya ilə açıq dialoqa malikdir. Həmçinin Ukraynanın suverenliyini dəstəkləyirlər. Bu balans sayəsində Türkiyə atəşkəsə aparacaq monitorinq və mexanizm quruculuğunda real rol oynaya bilər. Ukraynanın hansı əraziləri güzəştlərə gedə biləcəyi məsələ isə mürəkkəbdir. Rəsmi Kiyev təhlükəsizlik zəmanətlərinə və iqtisadi dəstəyə açıq olsa da, ərazi məsələsində isə ciddi güzəştə getmək fikrində deyil. Rusiyanın isə kompromisi yalnız nəzarətindəki ərazilərin hüquqi statusunun tanınması kimi sərt şərtlərlə bağlıdır. Buna görə də yaxın perspektivdə tam sülhdən çox, "atəşkəs+danışıqlar mexanizmi" modelinə nail olmaq real görünür. Ümumilikdə isə hazırkı intensiv diplomatik aktivlik göstərir ki, həm regional, həm də qlobal güclər müharibənin davamlılığının artıq strateji xərclər yaratdığını anlayır. Buna baxmayaraq, ərazi və təhlükəsizlik məsələlərində kəskin ziddiyyətlər qalır. Bu fonda sülh mümkün görünə bilər, amma asan əldə edilməyəcək. Türkiyənin balanslaşdırıcı rolu isə bu mərhələdə vacib aktivlərdən biridir".
Aqil Vəlili