Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Somalidə Azərbaycan vətəndaşı öldürüldü - FOTO + YENİLƏNİB
“Somalidə törədilən terror aktı nəticəsində həlak olan Türkiyə və Azərbaycan vətəndaşlarının cənazələri sabah Türkiyəyə göndəriləcək. Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın nəşi İstanbuldan Bakıya göndəriləcək”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya K. İsmayılovanın qohumları məlumat veriblər.
Onların sözlərinə görə, mikroavtobusa hücum nəticəsində yaralanan K. İsmayılovanın övladları - 11 yaşlı Nihadla 10 yaşlı Nicat Moqadişodakı xəstəxanalardan birində əməliyyat olunublar.
Ağır xəsarət alan qardaşların vəziyyəti normaldır. Onların müalicəsi Türkiyədə davam etdiriləcək.
“Hadisə barədə məlumat alan zaman koma vəziyyətinə düşən ailə başçısı Əflatun İsmayılov da hazırda Moqadişoda xəstəxanasındadır”, - deyə mərhumun yaxınları bildiriblər.
Ə. İsmayılovun dayısı Tofiq Mikayılov və əmisi oğlu Zöhrab İsmayılov APA-nın yerli bürosuna bildiriblər ki, həkimlər onun ayılması üçün tədbirlər görürlər.
12:43
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşı da var.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyinə həmin ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, hadisə zamanı ölən şəxs Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmaliyə Savalan qızı olub.
Daha öncə KİV-də hadisə zamanı K.İsmayılovanın iki azyaşlı oğlunun - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovların da ağır yaralandığı bildirilib. Lakin H.Hacıyevin sözlərinə əsasən, Azərbaycan XİN-ə bu barədə məlumat daxil olmayıb.
10:35
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.
Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimi olub.
Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.
09:35
Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı məlumatda qeyd olunur.
“Biz bu terror aktını kəskin pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkəmizin Somalidəki səfirliyinin nəzarəti altındadır. Həlak olanların yaxınları və doğmalarına başsağlığı veririk”.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Ankaradakı Səfirliyi həlak olan vətəndaşımızın kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır.
“Biz də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını daşıyan avtomobilə hücum nəticəsində həlak olan və yaralananlar var.
Moqadişo polisinin məlumatına görə, naməlum şəxslər Türkiyə, Azərbaycan və Somali vətəndaşlarının olduğu avtobusa hücum ediblər. Nəticədə bir Türkiyə, bir Azərbaycan və bir Somali vətəndaşı həlak olub.