"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıdakı görüşündə iki ölkə arasında normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu "Sülh Körpüsü" Təşəbbüsünün üzvü Ramil İskəndərli bildirib.
O qeyd edib ki, tərəflər Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi və icra olunacaq birgə fəaliyyətləri müzakirə ediblər. Həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də fikir mübadiləsi aparılıb.
R.İskəndərlinin sözlərinə görə, görüşdə media sahəsində əlaqələrin qurulmasının intensivləşdirilməsi barədə razılıq əldə olunub.
"Eyni zamanda, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulacaq. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri, eləcə də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Bu görüşün əsas fərqli cəhəti odur ki, nəticəyönümlü oldu və konkret razılıqlar əldə edildi", - "Sülh Körpüsü" Təşəbbüsünün üzvü vurğulayıb.
Xatırladaq ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub.