Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası yekunlaşıb. Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri birgə kommünike imzalayıblar.
Oxu.Az "Report"a istinadən verir ki, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən edilməsini əhatə edir.
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçirilən tədbir türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.

"İclas zamanı tərəfdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Görüşün nəticəsində qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən birgə kommünike imzalanıb.
Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək", - E.Bağırov vurğulayıb.
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Forumda rəqabət siyasətinin formalaşdırılması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.
Panel müzakirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Daha sonra rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışı nəzərdə tutulub. İclasın sonunda birgə kommünikenin imzalanma mərasimi keçiriləcək.