Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tahir Əliyev: “Laçından çıxanda oğlum bələkdə idi, indi özü iki övladı ilə qayıdır”
“Laçından çıxanda oğlum bələkdə idi, indi 32 yaşı var”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Zabux sakini, keçmiş məcburi köçkün Tahir Əliyev deyib.
O bildirib ki, bu gün çox sevinclidir:
“Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün doğma torpağımıza qayıdırıq. Laçının işğaldan azad olunması xəbərini alanda göz yaşımızı saxlaya bilmədik. Oğlum Laçından çıxanda altıaylıq körpə idi. İndi onun 32 yaşı var, iki oğlu ilə o da Zabuxa qayıdır.
Bu günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Zabux kəndinə yola salınıb. İndiyə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.
Aytac Qasımova