Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını pisləyib.
“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”, - deyən Prezident əlavə edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.
Ölkə başçısı 2019-cu ilin mayında çıxan Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini də xatırladıb:
“Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.
Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir:
“Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar.
Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib.
SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü altı metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Oxu.Az-a açıqlamasında bildirib ki, Prezidentin MDB dövlət başçılarının görüşündə səsləndirdiyi fikirlər yerində deyildi.
Qaregin Njde, Dramas Qnanyan 1918-1920-ci illərdə Zəngəzurda, Naxçıvanda, Cənubi Azərbaycan ərazisində cinayətlər törədiblər. Onların yerli Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətin miqyasını təsəvvürə belə gətirmək çətindir.
C.Bəhramov faktlara diqqət çəkərək deyir ki, bu erməni cəlladlarının təkcə Zəngəzurda qətlə yetirdiyi insanların sayı 10 min 68 nəfərdir.
Professor qeyd edir ki, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra bəzi ermənilər özlərini Sovet hakimiyyətinin təzyiqindən qaçıb gizlənmiş kimi göstərirdilər.
“Həmin ermənilər birbaşa almanların tərəfinə keçdi. Mənim, rəhmətlik Çapay Sultanovun bu mövzu ilə bağlı geniş tədqiqatlarımız var. Biz monoqrafiya da hazırlamışıq. Cənab Prezidentin çıxışı da bir növ bizim üçün stimul oldu”, - deyə C.Bəhramov bildirir.
Tədqiqatlara gəlincə, kitabda Qaregin Njde başda olmaqla nasist kütləsinin ifşası yer alıb.
“Baharın 17 anı” filmində Müller adlı faşist cəlladının fəaliyyəti ilə bağlı epizodlar var. Həmin Müller 1938-ci ilin oktyabr ayının 18-də Bakıya gəlir.
C.Bəhramov filmdəki bu epizodlara diqqət çəkərək qeyd edib ki, digər ermənilər Bakı şəhərinin neft mədənlərinin xəritəsini həmin Müllerə verirlər.
Tarixçi daha bir maraqlı faktı da vurğulayıb:
“Ermənilər 1941-ci ildə alman kəşfiyyatı ilə bir yerdə faşist Almaniyasının ideoloqlarından biri olan Alfred Rozenberqin qadın qohumunu İran ərazisindən Bakıya köçürürlər”.
Sən demə, A.Rozenberqin həmin qadın qohumu Yusif Məmmədəliyevi öldürmək üçün Bakıya gətirilib.
Professor C.Bəhramovun sözlərinə görə, həmin qadın Yusif Məmmədəliyevin rəhbərlik etdiyi kimya laboratoriyasına yerləşdirilir.
Ona Yusif Məmmədəliyevi öldürmək üçün ermənilər yeddi kiloqram həcmində ən zəhərli maddə verirlər ki, laboratoriyanı partlatsın.
Lakin Sovet kəşfiyyatı həmin qadını əməliyyatla həbs edir.
“Əgər partlayış törədilsəydi, bütün Bakı əhalisi məhv olacaqdı. Digər bir fakta da nəzər yetirək. İndiki Ukrayna ərazisində 17 min 856 nəfər yəhudinin soyqırımında üç min nəfər erməni iştirak edirlər. Bunlar onu göstərir ki, ermənilər faşistlərlə əməkdaşlıq ediblər”, - deyə C.Bəhramov əlavə edir.
Xatırladaq ki, Prezident çıxışında Azərbaycan elminin nümayəndələrinin faşizm üzərində qələbəyə verdiyi töhfələrdən danışarkən böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin adını çəkib. Deyib ki, Y.Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi:
“Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı”.
Aqşin Kərimov