Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tramp Kanadanı ABŞ-nin tərkibinə qatır? - "Britaniya hərəkətə keçə bilər"
Kanadanın Baş naziri Castin Trüdo yanvarın 6-da istefa verəndən qısa müddət sonra ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ölkəsi ilə "birləşməsi" çağırışını yenidən dilə gətirib. Tramp bildirib ki, Kanadada bir çox insan 51-ci ştat olmaq ideyasını sevir:
"Biz birlikdə çox böyük millət olardıq. Birləşmiş Ştatlar daha Kanadanın ayaqda qalmaq üçün tələb etdiyi böyük ticarət kəsirlərinə dözməyəcək. Castin Trüdo bunu bilirdi və bu səbəbdən istefa verdi. Kanada Birləşmiş Ştatlarla birləşərsə, əlavə tariflər və yüksək vergilər olmayacaq, üstəlik, onlar Rusiya və Çin hərbi gəmilərinin təhlükəsindən uzaq qalacaqlar".
Məsələnin digər tərəfi isə Trampın yeni müşaviri İlon Maskın açıqlamaları ilə bağlıdır. Belə ki, amerikalı milyarder dəfələrlə Trüdonu istefaya səsləyib və o, ölkənin yeni baş naziri kimi adı hallanan Pyer Polivreni dəstəkləyir. İlon Mask hətta son günlər Böyük Britaniyanın Baş naziri Kir Strarmeri də hədəf alıb və istefaya səsləyir.
Bəs proseslərin bu şəkildə cərəyan etməsi və Trampın Kanadanı ABŞ-yə birləşməyə çağırması nədən xəbər verir? Bu, baş tuta bilərmi və nəticəsi necə ola bilər?
Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, Kanada ABŞ-nin 51-ci ştatı olmayacaq, Donald Tramp, sadəcə, zarafat edir:
"Bunun baş verməsi qeyri-mümkündür. Ona görə də Trampın ciddi olduğunu düşünməyə ehtiyac yoxdur. Castin Trüdo isə prezident Trampın dediklərinə görə yox, bir çox səbəblərə görə Kanadada nüfuzunu itirdiyinə görə istefa verib. Yəni səbəb onun siyasi dəst-xəttidir. Xalq artıq onun danışıqlarından bezib, həmçinin Trüdonun siyasi partiyası gücünü xeyli itirmişdi".
"Maraqlıdır ki, Tramp Kanadanı müstəmləkəyə çevirməklə hədələyəndə Trüdo Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına gedib danışıqlar aparmışdı. Tramp isə Castin Trüdo maliyyə naziri Kristia Frilandı tariflərə görə işdən çıxardığı üçün Kanada mallarına idxal rüsumları tətbiq edəcəyini bildirmiş, baş nazirin rüsumların ölkə iqtisadiyyatını məhv edəcəyi barədə iradına cavab olaraq isə Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını demişdi. Bu baxımdan, Trüdo bir çox kanadalı tərəfindən tənqid edilmişdi. Yəni məhz Trüdo Kanadaya ştat, özünə isə qubernator deyilməsinə zəmin yaratmışdı. Bir sözlə, Trüdonun vəzifəsini itirməsinin Donald Tramp və ABŞ ilə heç bir əlaqəsi yoxdur, onun vəzifəsindən getməsinə səbəb qeyri-ciddi fəaliyyəti ilə Kanadada nüfuzunu itirməsidir", - deyə sabiq səfir əlavə edib.
Türkiyəli politoloq, professor Hüsamettin İnanç isə bunu Böyük Britaniyanın "Five eyes" ("Beş göz") layihəsi ilə səciyyələndirib:
"İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiya və Amerika Birləşmiş Ştatları "Five eyes" kəşfiyyat ittifaqında birləşiblər. Əslində, Kanada da ABŞ-dən daha çox, Böyük Britaniyanın təsiri altındadır. Trampın da burada vermək istədiyi mesaj Britaniyanın ABŞ-dən uzaqlaşıb, özünün supergüc olmaq istəməsi ilə bağlıdır. Çünki Britaniya ilə ABŞ arasında beynəlxalq siyasətin fundamental sahələrində və yeni dünya nizamının qurulmasında ciddi fərq var. Belə ki, İkinci Dünya müharibəsindən sonra Britaniya bütün hegemon hüquqlarını ABŞ-yə verib və beləliklə, ikiqütblü dünya qurulub. Amma bu gün Britaniya bu hüquqları geri qaytarmaq istəyir və supergücə çevrilmək yolunda iti addımlarla irəliləyir. Ona görə ABŞ də Britaniyanın nüfuz sahibi olduğu yerləri ələ keçirməyə çalışır".
Müsahibimizin qənaətinə görə, Kanadanın ABŞ-nin əyaləti olması mümkün deyil, çünki bu, ABŞ ilə Britaniya arasında ciddi bir münaqişənin yaranmasına gətirib çıxara bilər:
"Amma Birləşmiş Ştatların Kanadada müəyyən üstünlük quracağı da istisna deyil. Çünki Kanadada, xüsusilə pandemiya dövründən etibarən çox ciddi iqtisadi çətinliklər və məşğulluq problemləri yaşanır. Buna görə ölkə daxilində siyasi-ideoloji münaqişələr artmaqdadır. Trüdo da bu səbəbdən baş nazir postundan istefa verdi. Tramp da bu ixtilafdan və problemlərdən istifadə etməyə çalışır. Yəni Tramp necə ki Panama kanalı və Qrenlandiyaya nəzarəti ələ keçirməyi təklif edir, Kanada üzərindəki iddiaları da bu qəbildəndir. Bu iddialar isə əslində, "Make America Great Again", yəni "Amerikanı yenidən böyük et" layihəsinin bir hissəsidir. Amma ABŞ-nin və Trampın bunları reallaşdıracaq siyasətini dəstəkləyəcək bir gücün olmadığını da qeyd etmək lazımdır".
Politoloq İlyas Hüseynov isə hesab edir ki, Kanadanın ABŞ ilə birləşməsi ideyası əvvəlki dövrlərdə nə qədər absurd görünürdüsə, yanvarın 20-də Donald Trampın inaqurasiyası ilə paralel bu məsələ öz aktuallığını artırır:
"Kanadanın baş nazirinin öz postunu təhvil verməsi də göstərir ki, bu məsələ nə qədər ciddidir və belə görünür ki, ABŞ, həqiqətən də, Kanadanı özünə birləşdirmək niyyəti güdür. Tramp bu ambisiyalı fikirlərini ortaya qoyur və bunu həm də müəyyən imtiyazlarla bir qədər də şirnikləşdirir. Vergilərin azaldılması və "böyük millət" olaraq Kanada ərazisində yaşayan əhalinin inteqrasiyası üçün əlverişli zəmin olduğuna işarələr verir. Eyni zamanda, Çin və Rusiya gəmiləri təhdidinə qarşı ABŞ ilə birlikdə Kanadanın daha güvəndə olması fikirlərini səsləndirir. Görünür ki, Kanada üzərində məhz belə təhdidlər var və yaxud Kanada vasitəsilə Rusiya və Çinin ABŞ-yə təzyiqləri ssenarisini kəşfiyyat orqanları əvvəlcədən seziblər".
"Amma nəzərə almaq lazımdır ki, Kanada inkişaf etmiş dövlətdir və bir çox ölkələrdən oraya üz tutan şəxslərin əsas məqsədi firavan həyat, yaxşı güzəran axtarışıdır. Digər tərəfdən, Trampın həm də meksikalılara qarşı əvvəlki dövrlərdə nə qədər sərt miqrasiya siyasəti yürütdüyü də yaddan çıxmayıb. Bu da onu deməyə əsas verir ki, Tramp vəzifəyə başlar-başlamaz ilk növbədə öz coğrafiyasında təhlükəsizliyi gücləndirib, daha sonra Rusiya, Çin və digər dövlətlərlə mübarizəyə girişəcək", - Hüseynov fikirlərini yekunlaşdırıb.
Mərahim Nəsib
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də güclü yanğın: Məşhur ulduzların evləri alova büründü - 100 mindən çox sakin təxliyə edildi
- ABŞ-li aparıcıdan maraqlı ifadə: "Kanadanı işğal etmək istəyirəm"
- ABŞ-də güclü yanğınlar səbəbindən aktyorluq sənəti üzrə mükafatlandırma mərasimi ləğv edildi
- ABŞ-də cinsi oriyentasiyasına görə tərxis edilən 30 mindən çox veteranla bağlı qərar verildi
- ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi