Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Trampın "100 günlük planı" - Sülh, yoxsa müharibəyə davam?
Donald Trampın Rusiya və Ukrayna arasında yeni "100 günlük sülh planı"nın bu cür olacağı iddia edilir: Plana əsasən, Volodimir Zelenski Vladimir Putinlə danışıqlar masasından imtina etməməli, Ukrayna NATO-ya üzv olmamalı və neytrallığını elan etməlidir; Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə dəstəyi davam etdirməyə sadiq olsa da, hərbi dəstəyin dayandırılması istisna deyil, bu baxımdan, Ukrayna ərazilərini qaytarmaq üçün müharibənin əhatə dairəsini genişləndirməməlidir, bununla yanaşı, o, Rusiya Federasiyasının həmin ərazilər üzərində suverenliyini rəsmən tanımır.
Rusiya Federasiyasına qarşı sanksiyaların bəziləri də sülh sazişi bağlanandan dərhal sonra ləğv ediləcək. Digər sanksiyalar isə mərhələli şəkildə Rusiyanın müqavilənin parametrlərinə riayət etməsindən asılı olaraq aradan qaldırılacaq. Planda, həmçinin Ukraynanın bərpasına sərf olunacaq vəsaitdən də danışılır.
Bunları nəzərə alsaq, Trampın Rusiyaya qarşı gələcək siyasətinin necə olacağı suallar doğurur. Ukraynaya silahlı yardım dayandırılsa, Rusiya bundan yeni ərazilər əldə etmək üçün istifadə edə bilərmi?
Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.
Rusiyalı politoloq Boqdan Bezpalkonun sözlərinə görə, Donald Trampın planı özünü dünyaya sülhməramlı və güclü siyasətçi kimi göstərmək istəyini əks etdirir:
"Bu planda hələ ki heç bir konkretlik yoxdur. Hazırda məlum olan yeganə konkretlik Ukraynaya yardımın dayandırılmasıdır. Amerika Birləşmiş Ştatlarından digər ölkələrə USAID Agentliyi və digər xətlər üzrə, hərbi təyinata aid olmayan və üç ölkə - İsrail, İordaniya və Misir istisna olmaqla yardımlar dayandırılıb. Hərbi yardım isə hələlik dayandırılmayıb və bu baxımdan, proseslərin gedişatı tam aydın deyil".
"Tramp hesab edir ki, artıq üç ildir davam edən münaqişəni üç ay ərzində dondurmaq və ya sülhlə nəticələndirmək mümkün olacaq. Lakin bu vəziyyətdə Trampın bütün planı hələlik yalnız ABŞ-nin yeni prezidentinin gücünü və seçkidən əvvəl verdiyi vədlərə uyğun davrandığını göstərməkdən ibarətdir", - deyə analitik vurğulayıb.
Politoloq Anton Bredixin də həmyerlisi ilə eyni mövqedədir. Onun fikrincə, bu plan informasiya şayiəsindən başqa bir şey deyil və müvafiq olaraq heç bir perspektivi görünmür:
"Birincisi, Zelenskinin bir sıra fərmanlarını ləğv etməyə məcbur edəcək tələblər irəli sürülüb. Rusiya ilə danışıqlar isə bu formada aparıla bilməz və Moskvanın mövqeyi nəzərə alınmalıdır. Simvolik tarixlərin olduğunu da inkar etmək olmaz. Sülh sazişinin 9 mayda imzalanmasının nəzərdə tutulması əbəs deyil, amma bu, ABŞ-nin planı deyil, daha çox informasiya məsələsidir. Lakin belə bir plan Rusiya tərəfindən qəbul edilə bilməz. Çünki Ukraynanın hərbiləşdirilmiş zonasının statusu qorunub-saxlanılır və Kiyevdə militarizasiya davam etdikcə ordu da güclənəcək. Necə ki hazırda ordunun modernləşdirilməsi gedir və beləliklə, bu plan, sadəcə, münaqişəni dondurmağa xidmət edəcək, həllinə yox. Bu da Rusiyanı qane edə bilməz".
Politoloq Kamran Cəfərov isə bildirib ki, Ukraynaya yardım məsələsində dəfələrlə Co Baydenin 15 aprel 2021-ci ildəki sərəncamına istinad edilib:
"Ona görə ki, məhz bu sərəncam konqresin razılığı olmadan Ukraynaya silah yardımları göndərməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə imkan verirdi. 24 fevral 2022-ci ildən etibarən Rusiyaya qarşı tətbiq edilən bütün "cəhənnəm sanksiyaları" sabiq ABŞ Prezidenti Co Baydenin 15 aprel 2021-ci il tarixli 14024 nömrəli sərəncamı əsasında tətbiq edilib. Həmin sənədə əsasən, ABŞ-də Rusiyanın ABŞ-nin və onun müttəfiqlərinin milli maraqlarına zərər vuran fəaliyyətinə görə fövqəladə vəziyyət elan edilirdi. Fövqəladə vəziyyət bir il müddətinə elan oluna bilər. Prezidentlər bunu lazım bildikləri halda sonsuz sayda uzada bilərlər, lakin hər dəfə yalnız bir il müddətinə. Co Bayden bunu 2022-ci, 2023-cü və 2024-cü illərdə öz sərəncamları ilə bir il müddətinə uzadıb".
"Trampın Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayıb-saxlamayacağı və ya yeni sanksiyalar tətbiq edib-etməyəcəyi barədə ən dəqiq göstərici - indikator da bu fövqəladə vəziyyətin uzadılıb-uzadılmayacağı olacaq. Yəni Baydenin 15 aprel 2021-ci il tarixli sərəncamının qüvvədə saxlanılıb-saxlanılmaması əsas göstəricidir. Tramp 14024 nömrəli sərəncamı uzatsa, deməli, qətiyyətli addımlara hazırlaşır, uzatmasa, deməli, onun bütün bəyanatları söz yığınıdır", - deyə politoloq əlavə edib.
Mərahim Nəsib
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Dağıstanlı bloqer video çəkmək üçün polisi ələ saldı
- Rusiyada erməni bloqerə qarşı cinayət işinin açılması tələb olunub
- Uzaq Şərqi şiddətli qar fırtınası vurdu: Qırmızı təhlükə səviyyəsi elan edilib
- "Rossotrudniçestvo"nun əsl mahiyyəti - "Rus evlər"i casus şəbəkəsi rolunda
- Yaxın Şərq nefti rekord dərəcədə bahalaşdı