"Bu gün dünyada prioritetlər dəyişir və bu gedişat türk-islam dünyasının lehinə işləyir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, Türk Dünyası Elmlər Akademiyasının İdarə Heyətinin sədri, Özbəkistan Termez Dövlət Universitetinin "Dil, ədəbiyyat və incəsənət" jurnalının türkologiya üzrə redaktoru Qalib Sayılov deyib.

O bildirib ki, coğrafiyalarımız uzun illər təzyiqlərə, işğallara məruz qalsa da, artıq türk dünyası yeni inkişaf yolunu qurmaqdadır:
"1980-ci illərdə biz universitetdə oxuyanda deyirdilər ki, gələcək türk əsridir. Bu gün, həqiqətən də, bu ideya reallaşır, Azərbaycan-Özbəkistan münasibətləri özünün ən gözəl məqamındadır, münasibətlər çox yüksək səviyyədədir. Bu, hər iki prezidentin bir-birinə olan münasibətindən də irəli gəlir. Onlar arasında səmimi dostluq münasibəti və simpatiya var.
Eyni zamanda, mən Türk Dünyası Elmlər Akademiyasının İdarə Heyətinin sədri olaraq türk dünyasında bir çox konfranslar verirəm. Doğrudan da, özbəklər bizə xüsusi bir qayğı və diqqətlə yanaşırlar. Türk dünyasından oraya gələn, konfranslara, simpoziumlara, elmi təyinatlı tədbirlərə qatılan iştirakçılar bizə özəl bir münasibət göstərirlər. Buna görə də özbək xalqına və Özbəkistanı idarə edən Şövkət Mirziyoyevə təşəkkür edirəm".
"Bu gün bizim Prezidentimiz İlham Əliyev türk-islam dünyasının inkişafı və birliyi üçün xüsusi səylər göstərir, bu məsələdə onun böyük rolu var. Artıq Türk Dövlətləri Təşkilatı (TDT) mövcuddur. Əvvəllər buna Türkdilli Dövlətlər Təşkilatı deyirdilər, nəticə olaraq sonda tam real bir mənzərə üzə çıxdı - Türk Dövlətləri Təşkilatı yarandı. Düzdür, burada yad intonasiyalar və təsirlər də var, lakin məlumdur ki, dövlət ağlı daha üstündür. Dövlət rəhbərləri bunu görür, sezir və gələcək inkişafımız, birliyimiz üçün çox gözəl töhfələr verirlər. Bugünkü Azərbaycan-Özbəkistan münasibətləri və liderlər arasındakı dostluq bunun bariz nümunəsidir", - deyə ekspert vurğulayıb.
Türkoloqun sözlərinə görə, hələ 18 il əvvəl Asiyaya gedərkən bu miqyasda münasibətlər mövcud deyildi:
"Hələ postsovet düşüncəsi mövcud idi. Onda biz İsmayıl bəy Qaspıralının "Fikirdə, dildə, əməldə birlik" şüarı ilə bu coğrafiyalara gedərdik. Bu gün çox sevinirəm ki, vaxtilə başqa sərhədlər daxilində birliyini ifadə edən türk-islam dünyası bu gün real sərhədlər daxilində öz birliyini təmin etməkdədir".