Bu günlərdə Yerevanda gözlənilmdən Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesinin işə salındığı elan edilib. Belə ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən həftə xarici KİV nümayəndələri ilə görüş keçirib və erməni-türk münasibətlərindən söz açan zaman Ermənistanın ilkin şərtsiz Türkiyə ilə birbaşa diplomatik əlaqələr qurmağa hazır olduğunu söyləyib.
“Biz bilirik ki, Türkiyə də buna hazırdır”, - deyə sonradan əlavə edib.
Türkiyədə bu bəyanat təəccüb doğurub, rəsmi səviyyədə deyilənləri “qulaq ardına vurmağı” qərara alıblar, çünki bu mövzu birinci dəfə və birinci il deyil ki, müzakirə olunur. Habelə Türkiyə prezident administrasiyasının rəsmilərindən biri Azərbaycandan olan informasiya agentliyinin sorğusuna cavab verərək, Ankranın mövqeyinin dəyişməz qaldığını bir daha vurğulayıb:
“Ermənistan bunun üçün Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmalı və “erməni soyqırımı” iddiasından əl çəkməlidir”.
Türkiyənin mövqeyində ilkin şərt yoxdur, ona görə ki, Ermənistan Türkiyəni qondarma “erməni soyqırımını” tanımağa vadar etmək və beləcə, pul və ya torpaq şəklində təzminat almaq cəhdlərindən əl çəkmir. Üstəlik, Yerevan zəbt olunmuş Azərbaycan torpaqlarını qaytarmağa da tələsmir. O zaman nə üçün məhz Ankara ilkin şərtlərdən imtina etməlidir, Yerevan yox?
Bu mövzu ilə bağlı müzakirələrə “türkoloqlar” Andranik İspiryan, Akop Çakryan və digərləri də qoşulub. Onlar giley-güzarla bildirirlər ki, Ankara Ermənistandan Türkiyə sərhədlərinin tanınmasını və bütün ərazi iddialarından imtina etməsini istəyir (niyə də istəməsin, bu, ədalətli tələbdir, çünki Ankara öz maraqlarını qoruyur). Erməni “türkoloqların” qəzəbinə tuş gələn digər məsələ, Türkiyənin qondarma “erməni soyqırımını” tanımaq istəməməsi və Ermənistanın işğal etdiyi torpaqları Azərbaycana qaytarmasına təkid etməsidir.
Yuxarıda qeyd olunan “türkoloqlar”dan biri - Akop Çakryan bildirib ki, Ermənistan ilkin şərtlərlə razılaşsa, Türkiyə yeni şərtlər irəli sürməyə başlayacaq, belə ki, Ankara Ermənistanla diplomatik münasibətlərin qurulmasında maraqlı deyil.
O, “Türkiyənin öz qonşusu ilə münasibətlər qurmaqdan imtina etməsini” kobud beynəlxalq hüquq pozuntusu sayır. Yəni sözündən elə çıxır ki, başqa ölkənin ərazilərini işğal etmək normalıdır, ancaq Türkiyənin “Ermənistanla dost olmaq” istəməməsi – beynəlxalq hüquq pozuntusu...
Türkiyəli politoloq Engin Özer Oxu.Az-la söhbətində ermənilərin belə bəyanatlarına heyrətləndiyini gizlətməyib.
“Ümumiyyətlə, Yerevanın hardan ağlına belə bir fikir gəlib ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağa və nəticədə, sərhədləri açmağa hazırdır?”
“Ermənistanda xalis təbliğat xarakterli bəyanatlar səslənir. Ola bilməz ki, onlar türkiyəli rəsmilərin bu haqda bəyanatları ilə tanış olmasın. Türkiyə XİN açıq şəkildə bəyan edib ki, Yerevan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı və işğal olunmuş Azərbaycan torpaqlarını dərhal boşaltmayana qədər Ankara Ermənistanla heç bir diplomatik əlaqə qurmayacaq.
Bundan başqa, Ermənistan qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəyə yönəlmiş iddialarından əl çəkməlidir”, - deyə Engin Özer vurğulayıb.
Türkiyəli analitikin fikrincə, Yerevan ya başa düşmək istəmir, ya o faktla barışmaq istəmir ki, Türkiyə hələ 100 il də Ermənistanla sərhədləri açmaya bilər, üstəlik, bundan nə iqtisadi, nə də siyasi planda heç bir ziyan çəkməz. “Türkiyə üçün Ermənistanla əlaqələr əhəmiyyət daşımır, bizə heç lazım da deyil”.
Belə bir sual ortaya çıxır: Bəs nə üçün Ermənistanda Türkiyə-Ermənistan diplomatik əlaələrinin qurulması mövzusu bu qədər aktuallaşdırılır?
Engin Özer hesab edir ki, bu bəyanatlarla Nikol Paşinyan özünü Qərb mətbuatının “gözünə soxmağa” çalışır. Yəni demək istəyir ki, “özünüz baxın, Ermənistan necə də mehriban bir ölkədir”. Halbuki erməni baş nazir yaxşı başa düşür ki, Ermənistan Azərbaycan və Türkiyəyə yönəlmiş iddialarından əl çəkməyənə qədər Ermənistan və Türkiyə arasında heç bir diplomatik əlaqədən söz gedə bilməz.
Türkiyəli politoloqun sözlərinə görə, yeni Ermənistan hökumətinin dövlətin xarici siyasi mövqeyini dəyişmək istəyinə görə, Paşinyanın Moskva ilə ciddi problemləri ortaya çıxıb.
“Hər şey Ermənistan və Rusiya arasında münasibətləri uçuruma aparır. Yerevan bu məsələdə Türkiyəyə bel bağlamalı deyil. Bir daha qeyd edirəm ki, biz 100 il də Ermənistanla heç bir əlaqə qurmaya bilərik. Türkiyə üçün Azərbaycandan yaxın olan, qardaş olan ikinci ölkə yoxdur.
“Ayrıca, qeyd etmək istəyirəm ki, həm Ermənistanda, həm də Rusiyada əslən erməni olan çoxlu “türkoloqlar” var. Elə təsəvvür yaranır ki, “türkologiya” ixtisasına prinsipial olaraq Türkiyəyə ən böyük nifrəti olan insanları toplayıblar.
Onların axı bu mövzudan başları çıxmır, bu elmə, ümumiyyətlə, heç bir aidiyyətləri yoxdur. Üstəlik, çox vaxt Rusiya ilə Türkiyə arasında problemlər yaradırlar. Bu, üzərində düşünüləsi ayrıca bir mövzudur”, - deyə Engin Özer fikrini tamamlayıb.
Nair Əliyev
www.oxu.az