Bu gün Azərbaycan məscidlərində Türkiyədə Soma faciəsi zamanı həlak olan insanların ruhuna dualar oxunub, namaz qılınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da Əjdərbəy məscidində keçirilən mərasimə qatılıb.
O, Somada baş verən faciə ilə bağlı Türkiyənin dərin kədər içində olduğunu deyib.
“Biz dərin iztirab keçiririk. Azərbaycanda bununla bağlı xəbərlər yayıldığı andan etibarən qardaşlarımız yüksək həssaslıq göstərdi. Başda prezident, baş nazir və Şeyx olmaqla Azərbaycan xalqı bizə mesajlarla öz dəstəklərini çatdırdılar”.
Səfir bu gün şeyxin bu təşəbbüsü ilə ölənlərin ruhuna dualar oxuduqlarını, ortaq şəhidlərin xatirələrini yad etdiklərini bildirib:
“Bu kədərli günlərdə insanın sığına biləcəyi yeganə yer qardaşının könlüdür. Azərbaycan bizi bu dar gündə qucaqladı. Başımız sağ olsun!”.