Dünən Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab verib və çox yüksək səviyyədə təşkil olunmuşdu.
Oxu.Az xəbər verir ki, bunu noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinin yekunları ilə bağlı bu gün Hilton otelində keçirilən mətbuat konfransında TürkPA müşahidə missiyasının rəhbəri, qurumun iqtisadiyyat komitəsinin sədri Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.
S.Kanayev bildirib ki, seçki öncəsi MSK sədri Məzahir Pənahovla görüşərək seçkilərə hazırlığın səviyyəsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Onun sözlərinə görə, dünən TürkPA-dan olan müşahidəçilərlə birgə Səbail, Yasamal, Nəsimi, Binəqədi rayonlarında yerləşən seçki məntəqələrində müşhaidə aparıblar:
“TÜRKPA missiyası seçkilərdə heç bir qayda pozuntusu qeydə almayıb. 2015-ci il seçkiləri qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib”.
Mətbuat konfransında TürkPA-dan olan nümayəndələr Jandos Asanov, Halil Ürün, Marat Tagimov, Saidulla Nişanov və Ahmet Öztürk iştirak ediblər.