Ümundünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Parlamentarilərin Dəyirmi Masası: Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, forumda Milli Məclisin deputatları, müxtəlif ölkələrin nümayəndələri, həmçinin Avropa Parlamentinin deputatları iştirak ediblər.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, parlamentlərarası əməkdaşlıq gücləndirilməlidir.
O vurğulayıb ki, parlamentlər seçki dairələri ilə birbaşa əlaqə sayəsində qanunların praktikada necə işlədiyini anlamaq baxımından unikal mövqedədir.
Türkiyə parlamentinin (TBMM) İctimai işlər, yenidənqurma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu isə vurğulayıb ki, Türkiyədə dayanıqlı yaşayış mühitinin yaradılması əsas prioritetlərdəndir.
Parlamentarinin sözlərinə görə, Türkiyədə sosial mənzil siyasəti dövlətin konstitusion öhdəliyi kimi həyata keçirilir.
BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") Ərəb Dövlətləri üzrə Regional Ofisinin nümayəndəsi Rania Hedeya çıxışında vurğulayıb ki, şəhərsalma və mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətdə parlamentlərin xüsusi rolu var.