Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vaqif Xaçatryanın işi üzrə bugünkü məhkəmə iclası bitdi, növbətisinin vaxtı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində bugünkü iclas başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bir neçə şahid gəlmədiyindən fasilədən sonra iclasın işi bu günlük sonlandırılıb və növbəti məhkəmə iclasının oktyabrın 24-də keçiriləcəyi elan edilib.
11:55
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində bir neçə dəqiqəlik fasilə verilib.
Oxu.Az-ın məlumatına görə, həmçinin növbəti məhkəmə iclasının vaxtı da açıqlanıb. İclas oktyabrın 24-də keçiriləcək.
11:23
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov ifadə verib.
O, Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib.
“Vaqif Xaçatryan özü bizim evimizdə olub. Mənim atamla qardaşımı da Vaqif vurmuşdu. Mən bunların hamısını yaxşı tanıyıram”, - deyə o əlavə edib.
10:41
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesi davam etdirilir.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev ifadə verib.
O bildirib ki, Vaqif Xaçatryanın törətdiyi cinayətlərin şahidi olub.
“Şəxsən Vaqifin iştirakı ilə beş nəfər diri-diri yandırıldı”, - deyə o əlavə edib.
10:25
Azərbaycanlılara qarşı Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmişlərin və zərərçəkmişlərin varislərinin ifadələri dinlənilir.
Oxu.Az-ın məlumatına əsasən, Bəsti Behbud qızı Behbudova zərərçəkmişin nümayəndəsi kimi danışıb.
O bildirib ki, Vaqif Xaçatryanın adını böyüklərdən, Meşəli kəndinin sakinlərindən eşidib.
“Meşəli kəndində məlum hadisələr baş verəndə mən uşaq idim. Amma erməni silahlılarının törətdikləri cinayətlərdən əziyyət çəkmişəm. Tələb edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, - deyə o əlavə edib.
10:11
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
09:10
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.
Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Radmila Abılova müdafiə edəcək.
Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də, ikinci iclas isə oktyabrın 17-də keçirilib, zərərçəkmişlər dindiriliblər.
Ümumilikdə iş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.
Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib.
Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittiham olunur.
Daha çox şəkil burada: PhotoStock.az
Aqşin Kərimov