SOCAR Monteneqronun Kumbor kurort zonasında yerləşən “Portonovi” kompleksinin tikintisinə bu günədək 200 mln. avro yatırıb.
Oxu.Az xəbər verir ki, bunu “BNE IntelliNews” nəşrinə müsahibəsində Monteneqronun prezidenti Filip Vuyanoviç bildirib.
“Ümumi dəyəri 500 mln. avro təşkil edən kurort keçmiş hərbi bazanın yerində olacaq. SOCAR artıq bu layihəyə 200 milyon avro vəsait yatırıb. Ümid edirik ki, bu kompleks 2017-ci ilin sonunda açılacaq”, - prezident deyib.
O qeyd edib ki, layihənin icrasına 2014-cü ildə start verilib. SOCAR kompleksi Azərbaycanın bir neçə iri şirkəti “Paşa” və “Ata Holding” və “Synergy Group” ilə 90 il müddətinə icarəyə götürüb. İcarəçi Monteneqroda şirkət təsis etmək hüququna malikdir və icarə razılaşmasına görə, bütün hüquqlar və səlahiyyətlər bu şirkətə təhvil veriləcək.
Onun sözlərinə görə, Boko-Kotor körfəzi Monteneqronun ən gözəl məkanlarındandır.
Vuyanoviç, həmçinin öz ölkəsinin hökumətinin Bakı ilə möhkəm əməkdaşlığından danışıb.
“Mən Azərbaycan ilə bizim münasibətlərimizin olmasına sevinirəm. Mənim dostum (Azərbaycan prezidenti İlham Əliyev) Monteneqronun yaxın münasibətlərin qurulmasına can atdığını anlayıb”, - Monteneqronun rəhbəri vurğulayıb.