Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar.
“Report” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara Zəfər yolunun qısa müddət ərzində tikilməsi, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq dörd-altı hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometrlik hissəsi altı, 48-81,6 kilometr arası isə dörd hərəkət zolağından ibarətdir.
Yolboyu 30 yeraltı keçid, yeddi körpü, yeddi tunel və doqquz viaduk inşa edilir. Qeyd olunub ki, artıq üç tunel üzrə tikinti işləri son mərhələdədir. Həmin tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tuneldaxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Həmçinin diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilməkdədir.









08:45
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq qurumların nümayəndələrinin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
“Report” xəbər verir ki, onların arasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və başqaları var.
Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onları hava limanı ilə tanış edib. O, həmçinin Füzulinin və rayonun bərpası planları haqqında qonaqlara təqdimatla çıxış edib.
Qeyd olunub ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Diplomatlara, həmçinin Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib.
Xarici diplomatlar bu gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcəklər.
:640.jpg)



