ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşə dair bəyanatı ilə bağlı şərhində deyilir:
“Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur”.
Dağlıq Qarabağın statusuna gəldikdə isə qeyd olunur ki, bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər:
“Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir”. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar”.