Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Bəriabad kəndi haqqındadır.
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunacaq.

Adları:
- çar və sovet dövrlərində - Bəriabad, Bəriabat.
Çar və sovet dövrlərinə aid mənbələrdə kənd Bəriabad adı ilə qeyd edilir. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Barepat qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd XIX əsrin ikinci yarısında Gölkənd kəndinin, 1914-cü ildə isə Çaykənd kəndinin tabeliyində olmuş ərazi kimi qeyd edilir. XX əsrin əvvəllərində Bəriabad Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.
Erməni mənbəyinin məlumatına əsasən, XIX əsrin sonlarında kənddə yalnız azərbaycanlıların əcdadları yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 111 nəfər yaşayıb.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib.
Kənd 1930-cu ildən Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.
Erməni mənbələrinin məlumatlarına görə, kəndin ərazisində 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 85 nəfər yaşayıb.
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 91 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 109 nəfər yaşayıb.

Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 216 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 28 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 27 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ardanış ilə bağlı 26 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.