May
2018
08:07
153
15
2856
Virtual karabakh

ADR–100: Mətbuat Nizamnaməsinin qəbul edilməsi

9 May, 2018
08:07
2856

ADR–100: Mətbuat Nizamnaməsinin qəbul edilməsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalə oktyabr 1919-cu ildə baş vermiş hadisələrə həsr olunub.

Naxçıvanda vəziyyət qeyri-müəyyən idi. Azərbaycan və erməni xalqının qarşılıqlı münasibətlərini tənzimləyən ingilislərin regiondan çıxmasından sonra amerikalılar buraya gəldi.

1919-cu il oktyabrın 24-də ABŞ nümayəndəsinin müavini, polkovik Corc Rim Navçıvana təşrif buyurdu və İrəvan quberniyasının cənub hissəsi olan Naxçıvanın ayrılması və Şərur-Dərələyəzin neytral zona kimi saxlanılması layihəsini hazırladı.

Təklif 1919-cu il oktyabrın 25-də xüsusi layihə kimi təqdim olundu. Bundan bir gün əvvəl Corc Rey Bakıdakı danışıqlar zamanı Azərbaycan hökumətinə İrəvan və Navçıvanın onun nümayəndələri tərəfindən idarə olunmasını təklif etdi.

Azərbaycan hökuməti bu məsələdə tərəddüd etdiyi üçün təklifi rədd etdi. Təklif 13 layihədən ibarət idi. Layihəyə əsasən, Şərur və Naxçıvan amerikalı nümayəndə tərəfindən idarə olunan zona olmalı idi, Şimali ABŞ mühəndis qoşunlarının polkovniki Edmund L.Delli buraya qubernator təyin edilirdi, Azərbaycan və erməni nümayəndələrindən təşkil olunan Mərkəzi Şura yaradılırdı, Azərbaycan və Ermənistan bu zonadakı qoşunlarını dərhal geri çəkməli idi.

Azərbaycanın Ermənistandakı nümayəndəsi A.Ahverdovun 1919-cu il 26 oktyabr tarixli teleqramında Navçıvanda general-qubernator vəzifələrini icra edən S.Camillinski ilə polkovnik Corc Rey arasındakı danışıqlarda polkovnik Dellinin burada general-qubernator vəzifəsində deyil, sülh konfransının nümayəndəsi kimi qalması ilə bağlı razılığın əldə olunduğu deyilir.

Sərhədlərdə gərginlyin azaldılmasına baxmayaraq, Denikinin ordusuna qarşı münasibətlərdə hələ də qeyri-stabillik hökm sürürdü. Doğrudur, tərəflər qarşılıqlı notalarla kifayətlənirdilər. Belə ki, Azərbaycan demarkasiya xəttindəki vəziyyətlə əlaqədar yeni nota göndərdi, oktyabrın 2-də isə Azərbaycan hökumətinə ölkədəki rus mədəniyyət mərkəzinin və məktəblərin qapadılmasına qarşı etiraz notası təqdim etdi. Bundan sonra o, Bakıdakı nümayəndəsini geri çağırdı.

Bu fonda Azərbaycan Türkiyə ilə əlaqələrini genişləndirməyə başladı. Bir müddət əvvəl Yusif Vəzir Çəmənzəminli bu ölkəyə səfir təyin edildi.

1919-cu il oktyabrın 29-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cavad paşa və Azərbaycan nümayəndəsi Kərimov iki ölkə arasında gizli hərbi saziş bağladı.

Sazişin birinci bəndində tərəflər hər iki dövlətin ərazi bütövlüyünü qorumağı öhdələrinə götürdülər. Əgər tərəflərdən biri hücuma məruz qalsa, digəri mütləq həmin tərəfə hərbi dəstək göstərməli idi.

IX bəndə əsasən, Türkiyə Azərbaycan ordusu üçün zabit, əsgər və təlimçilər hazırlamalı idi. Razılaşmanın X bəndinə əsasən, Türkiyə Azərbaycan ordusu üçün silah və hərbi sursatlar göndərməli idi.

XI maddədə göstərilirdi ki, Azərbaycan tərəfi Türkiyənin razılığı olmadan üçüncü dövlətlə razılaşma imzalaya bilməz. Türklər ABŞ-ın regiondakı fəaliyyətini dəstəkləyirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıda Ukrayna, Litva və Polşa nümayəndəliyinin açılması ilə bağlı məlumat yaydı.

Oktyabrda parlament Mətbuat haqqında nizamnaməni qəbul etdi. Belə ki, 1919-cu il oktyabrın 23-də başlanan nizamnamənin müzakirəsi bir həftə davam etdi. Müzakirələrdə 56 deputat iştirak edirdi.

Qanuna əsasən, hər bir vətəndaşa mətbəə yaratmaq, senzura olmadan mətbuatda yazılar dərc etdirmək hüququ verildi. Sosialistlər qanun layihəsinə qarşı çıxdılar. Səsvermə zamanı qanunun lehinə 28, əleyhinə 21 deputat səs verdi. Bir deputat isə bitərəf qaldı.

Oktyabrda parlament çox fəal idi. Belə ki, oktyabrın 13-də parlament qiyamlara qarşı cəzaları sərtləşdirdi. Hökumət qüvvələri sentyabrın sonlarında bir qələbəyə nail oldular.  Qatır Məmmədin silahlıları Kürü keçmək istəyərkən hökumət qüvvələri tərəfindən darmadağın edildi.

Qatır Məmməd döyüşün əvvəllərində öldürüldü. Ancaq kəndlilərin etirazları davam edirdi. Yeni kəndli birlikləri yaradılır, torpaqlara hücum çəkirdilər. Bu vəziyyətdən təngə gələn parlament oktyabrda aqrar islahatlar məsələsinin müzakirəsinə başladı. Ancaq sonda qəbul edilən qərara əsasən, məsələnin müzakirəsi xalq tərəfindən seçilən Təsisçilər Yığıncağına tapşırıldı.

Yeri gəlmişkən, parlamentin əksər hissəsinin aqrar islahatlardan imtina etməsindən sonra “Müsavat” partiyasının bir sıra nümayəndələri müxalifət hərəkatı formalaşdırmaq qərarına gəldi. Belə ki, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Abduləli bəy Əmircanov “Müsavat” partiyasından ayrıldılar və yeni müstəqil partiya yaratdılar.

“Müsavat” partiyasının daxilində isə sol “Müsavat” yaradılmağa başlandı. M.Mahmudov, R.Vəkilov, Hacınski, D.Məlik-Yeqanov və digərləri bu təşkilata qoşuldu. Həmin dövrdə “İttihad”ın nüfuzu daha da artırdı. Partiyaya regionlardan qruplar dəstək verirdi.

Oktyabrın sonlarında “İttihad” partiyasının ölkənin bütün regionlarında, hətta Bakı kəndlərində hücrələri vardı. Onlar bolşeviklərə qarşı real rəqabət aparırdılar. Oktyabrın 22-də isə “İttihad” Denikinə qarşı çoxminlik mitinq təşkil etdi.

Hökumət Himayədarlıq Nazirliyinin fəaliyyətini nizamlamağa çalışırdı. Doğrudur, parlamentdə bu nazirliyin fəaliyyətinə şübhə ilə yanaşırdılar. Misal üçün, “Müsavat”ın nümayəndəsi A.Şıxəlibəyov nazirliyin bölgə müfəttişliyinə 400 min rubl verilməsi haqqında xəbəri şərh edərkən demişdi:

“Himayədarlıq Nazirliyi yalnız öz işçilərini himayə etmək üçün yaradılıb”.

Oxşar problem Zəngəzur qəzasından olan qaçqınlara ayrılmış, ancaq onlara çatmayan 18 milyon rublla bağlı da yaşandı. Korrupsiya yalnız dövlət orqanlarını deyil, bütün nazirlikləri əhatə edirdi. Belə ki, pul qarşılığında məhbusu azadlığa buraxdığı üçün Bakı prokuroru istefa vermək məcburiyyətində qaldı.

Parlament tərəfindən həyata keçirilən iqtisadi tədbirlərə oktyabrın 2-də hərbi vergi, spirtli içkilər və balıq üçün ixrac dərəcəsinin müəyyən olunması, əmanət bankları haqqında qanunun təsdiq edilməsini göstərmək olar. Buna baxmayraq, iqtisadiyyat ölkə üçün əsas problemlərdən biri idi. Hökumətin iqtisadi tədbirləri sırasında rublun vahid kursunun tətbiqini göstərmək olar.

Təhsil sahəsində əsas hadisələr Göyçay peşə məktəbinin açılması və Qarabağda erməni məktəblərinin bərpası oldu. Erməni müəllimlərə əməkhaqqı olaraq bir milyon rubl ödənildi.

1919-cu il oktyabrın 24-də Azərbaycan Dövlət Dram Teatrında teatr mövsümü İ.Aşurbəyovun “Azərbaycan” mahnısı ilə açıldı. Həmin ay azərbaycanlı artistlər İstanbula qastrol səfərinə yollandılar. Doğrudur, yerli qəzetlər mədəniyyət sahəsində də problemləri işıqlandırırdılar. Bir çoxları Hacıbəyov qardaşlarını teatrda monopoliya yaratmaqda ittiham edirdilər. 

Eyni zamanda, ölkə formal olaraq, hökumətsiz idi (Biz Yusifbəylinin sentyabrda istefası ilə bağlı məlumat vermişdik. Bundan sonra hökumət formalaşa bilmirdi).

Həmin dövrdə telefona abunəliyə görə rüsum iki dəfə artırılmışdı, dəmir yolu tariflərinin artması müzakirə edilirdi və deputatların parlament iclasına gəlməmələri ilə bağlı cərimə iki dəfə artırılmışdı.

Behbud xan Cavanşir
(1877-1921)

Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. O, Qarabağ xanlarından olan Pənahəli xanın nəslindən olub.

1890-cı ildə alman dili təmayüllü Tiflis məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Onlar bəzi məsələlərdə bir-birinə yaxından dəstək olub.

Belə ki, Cavanşirin məsləhəti ilə Şaumyan şirkətlərdən birinə işə düzəlib. 1909-cu ildə Cavanşir külli miqdarda rüşvət verməklə Stepanı həbsxanadan azad edib.

Stepan isə 1918-ci il mart hadisələrində Cavanşiri xilas edib. 1902-ci ildə Almaniyaya gedərək Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan burada mükəmməl təhsil alıb.

Akademiyanı fərqlənmə diplomu ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb.

Bu dövrlər xeyriyyə cəmiyyətlərində iştirak edib və Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “Difai” komitəsinin üzvü olub. Rus texniki cəmiyyətinin Bakı şöbəsinin üzvü kimi “Nicat” nəşrində elmi məqalələrini çap etdirib.

Fevral inqilabından sonra Müsəlman Milli Şurasının tərkibində aktiv fəaliyyət göstərib. 1918-ci il mart hadisələrinə qədər Bakıda qalıb. Çətin vəziyyətə düşdüyü zaman Şaumyana zəng edib və kömək istəyib.

Aprelin ortalarında Cavanşır ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ancaq o, uzağa getməyib və Müsəlman Milli Şurasına qoşulub. 1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan Cavanşir həmin ilin oktyabrın 6-da sənaye və ticarət nazirini də əvəz edib.

 Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 18 iyul 1919-cu ildən “Dəyanət” kommersiya şirkətini açaraq, xarici ticarətlə məşğul olub və bu sahədə görünməmiş müvəffəqiyyət qazanıb.

1919-cu ilin oktyabrında “Müsavat” fraksiyasından çıxıb və öz fraksiyasını yaradıb.

Sovet hökumətini qəbul etdikdən sonra neft sahələrində mühəndis kimi çalışmağa başlayıb. 1921-ci ildə o, neft sənayesi üçün lazım olan texnikanı almaq üçün İstanbula göndərilib. Orada daşnaqların üzvü tərəfindən təsbit olunub. Bundan sonra onun adı ermənilərin öldürülməsində ittiham olunan şəxslər sırasına daxil edilib.

17 iyul 1921-ci ildə Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23:00-da “Təpəbaş” Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq “Pere Palas” hotelinə yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik bığlı, əyri burunlu birisi tərəfindən güllələnib.

Ölümündən əvvəl Behbud xan deyib: “Mənim şəxsi düşmənlərin yoxdur, məni ermənilər öldürdü”.

Onun qatili məhkəmədə bəraət alıb və ABŞ-a qaçıb.

Toğrul Maşallı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri