Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ödənişli qəbul planı və təhsil haqları azaldılsın - TƏKLİF
Millət vəkilləri yaxın gələcəkdə ödənişli əsaslarla ali və orta ixtisas məktəblərinə qəbullarla bağlı faizlərin aşağı endirilməsi təklifi ilə çıxış ediblər. Onlar hesab edirlər ki, bir çox imkansız ailələrin övladları ödənişli əsaslarla olan yerlərə daxil olduqları üçün valideynlər övladlarının təhsil xərclərinin ödənilməsində çətinlik çəkirlər.
Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında deyib ki, bu məsələ növbəti illərdə mütləq nəzərə alınmalıdır:
“Elə ailələr var ki, bir qədər imkansızlıq içindədirlər. Həmçinin, iki və üç övladı pullu ixtisaslara, ödənişli əsaslarla olan yerlərə düşən valideynlər var. Təhsil haqqı da bu gün bir o qədər az deyil. Bu isə həm ali və orta ixtisas məktəblərinə daxil olanlara, həm də onların yükünü çəkən valideynlərə çətinlik yaradır.
Bəzən ali məktəblərə daxil olsalar da, ilk gündən ondan imtina edənlər və ya birinci, ikinci kurslardan sonra təhsillərini yarımçıq dayandıran tələbələrimiz olur. Hesab edirəm ki, bu məsələdə yenidən götür-qoy edilməli, həm Təhsil Nazirliyi, həm ali və orta ixtisas məktəbləri, həm Dövlət İmtahan Mərkəzi, həm də Tarif Şurası ödənişli qəbulların sayının, nisbət faizinin mümkün qədər aşağı endirilməsinə və ya təhsil haqlarının azaldılmasına qərar verməlidir.
Bu, çox yaxşı olardı. Eyni zamanda, artıq “Təhsil kreditləri haqqında” qanun layihəsi ilə bağlı məsələ öz müsbət həlli tapmalıdır ki, bu yöndəki problemlərin həllinə tohfə verilmiş olsun”.
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mətbuata açıqlamasında bu yöndə fikirlərini bildirdiyini və bir daha onların üzərində qaldığını sözlərinə əlavə edib.
“Mətbuata açıqlamamda da bildirmişəm və bu gün də öz mövqeyimdə qalıram ki, Azərbaycanda tələbələr üçün vaxtaşırı müəyyən fikirlər olur.
Məsələn, onlar üçün güzəştli kreditin verilməsi çox vacib məqamdır. İmkansız ailələrin övladları var ki, universitetlərə və ya kolleclərə (texnikumlara) daxil olduqları halda, onlar üçün təhsil haqqını ödəmək çətin olur.
Maksimum çalışaq ki, dövlət müəssisələrində pullu təhsili qismən azaldaq. Eyni zamanda, gələcəkdə ola bilər ki, balları aşağı salaq. Məsələn, 500-600 və ya ondan çox balla daxil olurlar, amma ödənişli əsaslarla təhsil alırlar. Düşünürəm ki, bu məsələyə gələcəkdə yenidən baxıla bilər”, - deyə H.Rəcəbli əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər