Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Badamdar niyə çökdü? - Sürüşmə ilə bağlı qorxunc açıqlama
Badamdar ərazisindəki sürüşmənin arealının genişlənmə ehtimalı var.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə davam edir:
“Orada sürüşmə yeni hadisə deyil. Biz 2015-ci ildə elmi iş məqsədilə ərazidə tədqiqat aparmışdıq. Şərq qanadında üç dəfə qədim sürüşmənin baş verdiyini müəyyən etmişdik. Deyilən ərazidə sürüşmənin olması gözlənilən idi. Ərazidə yağıntıların miqdarı artan kimi sürüşmə prosesinin inkişafı sürətlənib.
Evlər tikilib və heç bir kanalizasiya sistemi yoxdur. Həmin ərazidə ev tikmək olmazdı. Çünki üst hissə əhəng daşı, aşağı isə gilli qumdur. Əhəng daşı yağış sularını özündə toplayır və gil qatı ilə suyu yamac boyu aşağıya doğru tökür. Bu da sürüşməni aktivləşdirir”.
Mütəxəssis bildirib ki, həmin ərazidə ev tikən insanlar sürüşmə zamanı evlərini qorumaq üçün dayaq divarları tiksələr də, bu, yanlış addımdır:
“Əksinə, həmin divarlar sürüşməni sürətləndirir. Ərazinin daha çox sürüşməsi ehtimalı çoxdur. Böyük bir ərazidə evlər tikilib. Sürüşmənin ölçüsü heç vaxt kiçilmir. Həmişə böyümə istiqamətdə inkişaf edir.
Burada sürüşmə ərazisi daha çox böyüyəcək. Bu cür yerlərdə ancaq bağ salmaq, ağac əkmək olar. Tikinti əsla olmaz. Zığ qəsəbəsində də sürüşməyə meyilli ərazilər var. Həmin yerlər insanlara satıldı və ev tikildi. İndi onların da əksəriyyətinin evi uçub”.
Əvəz Salamov qeyd edib ki, sürüşmənin qarşısını almaq üçün araşdırma aparılmalıdır:
“Azərbaycanda sürüşmə zonaları həddən artıq çoxdur. Bir hissəsi təbii proseslərdən baş versə də, bir hissəsini insanlar edir. Biz üç il əvvəl ərazidə tədqiqat aparan zaman Fövqəladə Hallar Nazirliyi ərazidə xəndəklər qazmışdı. Onun içi su ilə dolu idi və yamacın özündən su tökülürdü. Xəndək su ilə dolmamalı idi. Demək, su oraya insanlar tərəfindən tökülüb, amma onu təmizləmək düşünülməyib”.
50 ilə yaxındır Azərbaycandakı bəzi universitetlərdə mühəndis-geoloq hazırlandığını deyən mütəxəssis bildirib ki, ərazidə araşdırma aparmaq üçün həmin geoloqları cəlb etmək lazım idi:
“Hazırda əraziyə Yaponiyadan mütəxəssislər gətirilib. Nəticəni gözləyək”.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə qeyd edib ki, ərazi hazırda sürüşməkdə davam edir:
“Dünən gecə yuxarıdakı istinad divarının biri də aşıb. Yenə təhlükə gözlənilir. Proses dayanmır. Bir silkələnmə olsa, hamısı dərənin içinə tökülər”.
İlhamə Əbülfət
www.oxu.az
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Rəylər