İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsinin ləğvi təklif olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin plenar iclasının gündəliyinə salınıb.
Belə ki, 450-ci maddə (Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı adlanır.
Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirdi.
Təklif edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Belə ki, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və qeyd olunan pozuntulara münasibətdə maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəanın Vergi Məcəlləsinə əlavə edilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər