28 
Fev
2019
14:01
19
255
4181
Virtual karabakh

Yollarımızdakı xətlər yağışa, günəşə dözmür - ARAŞDIRMA

28 Fev, 2019
14:01
4181

Yollarımızdakı xətlər yağışa, günəşə dözmür - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt ərazisində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yolgöstərici xətlər, piyada keçidləri rəngləndikdən bir neçə ay sonra görünməz hala düşür. Aidiyyəti qurumların sözlərinə görə, buna səbəb nəqliyyatın intensivliyi və atmosfer yağıntılarıdır.

Buradan belə bir sual ortaya çıxır ki, bəs iqlim şəraitinə görə Azərbaycandan daha çox atmosfer yağıntılarına məruz qalan ölkələrdə bu problem niyə yaşanmır?

Məsələnin iki tərəfi var: ya yollara çəkilən boyalar keyfiyyətsizdir, ya da...

Birinci məqam:

Tərkibindən asılı olmayaraq, asfalt örtük üzərinə çəkilən boyalar bir müddət sonra keyfiyyətini itirir və silinir. Lakin təbii ki, burada keyfiyyət məsələsi öz sözünü deyir. Boya nə qədər keyfiyyətlidirsə, dayanıqlılığı və uzunömürlülüyü də bir o qədər çox olur.

Dünya praktikasına nəzər salaq. Uzağa getmədən demək olar ki, qonşu Gürcüstanda, Türkiyədə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgilərinin xətlənməsində termoplastik boyalardan istifadə olunur.

Bu boyalar tərkibinə görə aramsız yağan yağışlara, intensiv nəqliyyat sisteminə, nəqliyyat vasitələrinin təkərlərinin sürtünməsinə və qızmar günəş şüalarına kifayət qədər davamlıdır. Elə ən uzunömürlü boyalar da məhz termoplastik boyalar hesab edilir.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev Oxu.Az-a açıqlamasında deyib ki, əvvəllər yol cizgiləri çəkilməzdən qabaq həmin xətlərin ölçüsündə xüsusi materialdan olan “plyonka” zolaqlar çəkilirdi, daha sonra həmin materialın üstü boyanırdı. Həmin zolaqlar asfalt örtüyü ilə eyni səviyyədə deyil. Bir qədər qabarıq olur.

“Yol cizgilərinin çəkilməsi zamanı bir çox səhvlərə yol verilir. Əgər piyada keçidləri, yol cizgilərinin xətləri qısa müddətdə silinirsə, deməli, ya çox keyfiyyətsiz boyalardan istifadə edilir, ya da prosedur standart ardıcıllıqla aparılmır. Necə olur ki, əvvəllər nişanlanma xətləri çəkildikdən sonra illərlə yararlı vəziyyətdə qalırdı, amma indi bir neçə ay sonra silinib gedir?

Bununla yanaşı, həmin boyaların (rəngin) işıqqaytarıcı xüsusiyyəti olmalıdır ki, sürücülər nəqliyyat vasitələrinin müvafiq zolaq üzrə hərəkətinə nəzarət edə bilsin, piyadalar isə gecə saatlarında həmin ərazidə onlar üçün ayrılan yerləri görə bilsinlər. Xarici ölkələrdə gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti zolaqların işıqqaytarıcı xüsusiyyətləri sayəsində rahat olur.

Bizdə isə gecə saatlarında yolun hansı zolağında hərəkət etdiyini görə bilmirsən. Xüsusilə Bakı küçələrində təhlükəsizlik məqsədilə buna ciddi ehtiyac var, çünki yolların işıqlandırılması bərbad vəziyyətdədir”.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirir ki, istehsal edilən boyalar müxtəlif mövsüm şəraiti nəzərə alınaraq istehal edilir:

“Yolların xətlənməsində istifadə edilən boyalar dünya ölkələrində də istifadə edilir. Sadəcə olaraq, kəmiyyət və keyfiyyət fərqi var. Boyalar suya, istiliyə, nəqliyyat vasitələrinin intensivliyinə davamlı hazırlanır.

2018-ci ildə 90 gün Bakıda yağış yağıb. Bu, o qədər kiçik rəqəmdir ki, bunu Hindistanda yağan aramsız yağışlarla müqayisə etmək olmaz. Ümumiyyətlə, boyalar hər iqlimə uyğun hazırlandığı üçün günəş şüası, yağış sularının təsirindən silinə bilməz”.

Dünya praktikasında daha bir boyama texnologiyası var ki, o da qabarıq formada olur. Xarici ölkələrdə avtomobil yolunun üfüqi nişanlanma xətləri məhz şəkildə olduğu kimi, qabarıq formada çəkilir. Buna səbəb isə nəqliyyat vasitəsi yoldan çıxdıqda, həmin qabarıqlar üzərində səs yaranması və sürücünün istər-istəməz sürəti azaltmasıdır. Beləcə real qəzaların da qarşısı alınır.

Ekspertlər deyir ki, Azərbaycanda bu boyama texnologiyasından istifadə edilmir.

İkinci məqam:

Bu məsələdə aidiyyəti qurumların öz işinə məsuliyyətli yanaşıb-yanaşmamasını gözdən keçirmək lazımdır. Bir qayda olaraq monitorinqlər aparmaqla yollarda yenilənməyə ehtiyacı olan istiqamətlər dəqiqləşdirilə, lazım olduqda yenidən xətləmə işləri aparıla bilər. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanda ən yeni çəkilmiş yollarda belə xətlərin silindiyinin şahidi olmaq mümkündür. 

Məlumat üçün bildirək ki, adi boya altı ay, termoplastik boya isə qatqısından aslı olaraq, 1-4 il bərpasız istifadə edilə bilər.

Rəsmi məlumatlara görə, Azərbaycanda yol qəzalarının böyük əksəriyyəti məhz piyada keçidlərinin yaxınlığında baş verir.

Piyada keçidləri yaxınlığında qəzalar: bəs bunun səbəbi nədir?

R.Ağamirzəyev bu qəzaların səbəbini də xətlənmə işlərinin olmaması ilə əlaqələndirib. O qeyd edib ki, dünyada piyada keçidlərindən əvvəl xüsusi zolaqlar çəkilir:

“Əgər qarşıda piyada keçidi varsa, ondan 100-150 metr əvvəl xüsusi termoplastik boyalarla bir neçə zolaq çəkilir. Nəqliyyat vasitəsi o zolaqların üzərindən keçəndə qabarıqlıq, səs ona xəbər verir ki, irəlidə piyada keçidi var, sürət həddi azaldılmalıdır.

İnanın ki, bu metod piyada keçidinin olduğunu bildirən işarələrdən daha effektlidir. Şəhəriçi yollarda bunlar tətbiq edilməlidir. Təəssüflər olsun ki, yollarda yol nişanları normadan azdır və qoyulan bəzi nişanlar da yerinə görə düzgün seçilməyib”.

Mütəxəssislər deyir ki, xarici ölkələrdə istifadə edilən plastik (texniki zolaqlar) zolaqlar uzun illər öz keyfiyyətini qoruyub saxlaya bilir. Həmin bahalı zolaqlardan paytaxtın Şərifzadə küçəsində qəbiristanlıqdan üzü yuxarı gedən yolda aralıq xəttin çəkilməsində istifadə edilib. Bu zolaq ilk baxışda digərlərindən seçilir. 

Bir də yolların kənarında çəkilən sarı yol nişanlama xətləri var. Ekspertlər bu gün üçün o xətlərin heç bir mənasının olmadığını düşünür. 2010-cu ilə qədər həmin sarı xətlər dayanma-durmanı qadağan edirdi. Lakin 22 iyun 2010-cu ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi və 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin bütün dünyada qəbul edilmiş mənası dəyişdi.

Hazırda ölkəmizdə qüvvədə olan qaydalara əsasən, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma və durmanı qadağan edir. Yəni əgər sarı rəngli bütöv nişanlanma xəttinin yanında 3.27 nişanı yoxdursa, onun heç bir mənası yoxdur.

Yollarımızda xətlər niyə tez silinir?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri