19 
İyl
2019
16:33
144
33
2195
Virtual karabakh

Nazirlik rayonlardakı aptek çatışmazlığı problemini nəzarətə götürdü - Şirkətlərə müraciət

19 İyl, 2019
16:33
2195

Nazirlik rayonlardakı aptek çatışmazlığı problemini nəzarətə götürdü - Şirkətlərə müraciət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi bölgələrdə, xüsusilə kənd yerlərində apteklərin az olması və ya heç olmaması ilə bağlı Oxu.Az-ın qaldırdığı məsələ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, nazirlik tərəfindən aptek olmayan rayon, qəsəbə və kəndlərdə əczaxanaların yaradılması ilə bağlı çoxsaylı aptek şəbəkəsinə malik iri əczaçılıq şirkətlərinə müraciət məktubları ünvanlanıb:

“Müraciətimizi nəzərə alaraq “Zeytun Pharmaceuticals” MMC tərəfindən 5 iyul 2018-ci il tarixində Xızı şəhəri, Heydər Əliyev prospekti, 27 ünvanında aptek yaradılıb və hazırda fəaliyyət göstərməkdədir”.

Bildirilib ki, hazırda ölkə ərazisində fəaliyyət göstərən apteklər özəldir, dövlət tərəfindən yalnız qanunvericiliklə dairəsi müəyyən edilmiş xəstələrə pulsuz verilən dərman vasitələri müalicə-profilaktika müəssisələrinin nəzdində yaradılmış aptek şöbələrindən buraxılır:

“Əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.

Əhali tərəfindən az ziyarət edilən digər yerlərdə aptek təşkilatlarının azlıq təşkil etməsi səbəbindən həmin ərazilərdə məskunlaşan əhalinin dərman vasitələri ilə təmin edilməsində çətinliklər yaranır - misal üçün, bir çox rayon mərkəzi xəstəxanalarına yaxın ərazidə bir-birinə bitişik çox sayda aptekin fəaliyyət göstərməsini qeyd etmək olar”.

Bundan başqa, Mərkəzdən qeyd edilib ki, mövcud vəziyyət apteklər arasında məsafənin qanunvericilik qaydasında müəyyən edilməsi zərurəti yaradır:

“Bir çox Avropa ölkələrində yaradılan aptek təşkilatları arasında məsafə məcburi davranış qaydaları əks etdirən normalarla tənzimlənir. Belə ki, İngiltərə, Avstriya, Portuqaliya, İspaniya, Yunanıstan, Bolqarıstan və Macarıstan kimi ölkələrdə apteklər arasındakı minimal məsafə ölkələrdən asılı olaraq, 100 metrlə 500 metr arasında dəyişir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna və Moldova kimi MDB dövlətləri də apteklər arasında minimal məsafəni qanunvericilik səviyyəsində təsdiqləməyə hazırlaşırlar”.

Qeyd edək ki, Oxu.Az-ın əməkdaşları bir müddət əvvəl Xızıda olmuş və rayonun aptek problemi məsələsini yenidən qabartmışdı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri