Azərbaycanın müasir və demokratik bir dövlət olmasına baxmayaraq, bütün Qafqazda olduğu kimi, çox vaxt cəmiyyətdə hökm sürən ənənələr və stereotiplər mövcud qanunlardan üstünlük təşkil edir.
Bu barədə tanınmış hüquq müdafiəçisi, “Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Oxu.Az-a dünən Bakıda gənc hamilə qadının qurbanı olduğu məişət zorakılığı hadisəsini şərh edərkən bildirib.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü G.Süleyman Nərimanov rayonu 18-ci Polis Bölməsinə müraciət edib. Qadın avqustun 9-da hamilə vəziyyətdə, ailə münaqişəsi zamanı 1986-cı il təvəllüdlü əri V. Süleyman tərəfindən döyüldüyünü deyib. Nəticədə 19 avqustda zərərçəkən vaxtından əvvəl doğuş həyata keçirib və həmin ayın 29-da uşaq ölüb. Hazırda fakt araşdırılır.
M.Zeynalovanın sözlərinə görə, Azərbaycandakı məişət zorakılığı ilə bağlı mövcud vəziyyət arzuolunan deyil. Ən çox qadınlar, qocalar və uşaqlar onun qurbanına çevrilirlər. Qadınların keçmiş ərləri və ya qohumları tərəfindən öldürülməsi tez-tez baş verir.
“Hər gün məişət zorakılığı ilə üzləşən qadınlar mənə yazır, zəng edir, bəziləri ərlərinin, onun ailəsinin zorakılığına və təhqirlərinə dözmək gücündə olmadıqlarına görə açıq şəkildə intihar haqqında düşündüklərini bəyan edirlər.
Bizə zalım ərindən qaçan Bakı sakini müraciət edib. İndi əri onun valideynlərini qızlarını tapıb ona qaytarmayacaqları təqdirdə fiziki güc tətbiq etməklə hədələyir.
Digər Bakı sakini də çıxılmaz vəziyyətdədir və ikiqat təzyiqə məruz qaldığı üçün intihar etmək niyyətindədir. O, ərini tərk edib, ancaq valideynləri qızlarını dəstəkləmək əvəzinə, onu ərinə dönməyə məcbur etməyə çalışırlar. Onlar hesab edirlər ki, artıq ərinin ailəsi onun ağasıdır və ona istədikləri kimi davranmaq hüququna sahibdir”, - Zeynalova deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, Lənkəran bölgəsindən olan qadın 19 yaşında evlənib, 20 yaşında bir uşaq dünyaya gətirib. Qayınana körpəni əlindən alıb və hətta əmizdirməsinə də icazə vermir. Ərin ailəsi qadını ağır ev işləri görməyə məcbur edir. Bu qadının həyatı ərinin ikinci arvadını evinə gətirməsindən sonra dözülməz olub.
“Təəssüf ki, bu cür kədərli hekayələrimiz çoxdur. Ən dəhşətlisi isə budur ki, hüquq-mühafizə orqanları bu vəziyyətdə nəsə etməkdə gücsüzdür. Əgər qadın ərinin qəddarlığından şikayət edirsə, polis tez-tez onu dilə tutaraq həyat yoldaşı ilə barışdırmağa çalışır.
Hakimlər, prokurorlar və polislər ailə ənənələri məsələsində adi insanlarla eyni stereotiplərdə olduğu üçün ailə zorakılığına qarşı mübarizə aparmaq çox çətindir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tez-tez döyülmə ilə müşayiət olunan ailə münaqişəsindəki təhlükəni görə bilmirlər. Onlar effektli tədbirlər görmürlər, ancaq vəziyyəti dilə tutmaqla “həll edirlər”. Ancaq elə olur ki, faciə baş verir və nəyisə düzəltmək üçün çox gec olur.
Buna görə də, hakimlər, prokurorlar, polis məmurları və hətta vəkillərlə düzgün işləmək, onlar üçün davamlı təlimlər və seminarlar keçmək lazımdır”, - o, qeyd edir.
M.Zeynalova əmindir ki, cəmiyyətimizdə evlilik bütün problemlər və xəstəliklər üçün bir növ “dərman” kimi qəbul edilib:
“Oğul spirtli içki aludəçisidirsə, evləndir deyirlər valideynlərinə. Pozğun qadınlarla gəzirsə, evləndir. Narkomandırsa, evləndir. İşsizdir? Heç nə olmaz, evlilik hər şeyi düzəldəcək. Əgər qız həyatını dəyişdirmək istəyirsə, o zaman məsələnin həlli kimi evlilik təklif olunur. Əgər uşaq dünyaya gətirmək istəyirsə, nikahsız mümkün deyil.
Adətən gələcəkdə nə olacağını düşünmədən gəlin paltarı geyinib toyda özünü göstərmək üçün evlənirlər.
Ancaq xalqımızın düşünülməmiş evlilik və nikaha olan qeyri-ciddi münasibəti nəinki gənclərin problemlərini həll edir, əksinə, münasibətlərin dağılmasına və bəzi hallarda faciələrə yol açır”.
M.Zeynalovanın sözlərinə görə, Nazirlər Kabineti Məişət Zorakılığına Qarşı Mübarizə üzrə Milli Planı təsdiqləməlidir.
Bundan əlavə, Azərbaycan qadınlara qarşı zorakılığın, məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına qoşulmaq niyyətindədir.
Bəlkə də bundan sonra Azərbaycanda vəziyyət müsbət istiqamətdə dəyişəcək.
Ramella İbrahimxəlilova