Jurnalist, “Global Media Group”un media direktoru Həmid Həmidov med-prosvet.az saytının pandemiya və maska rejimi ilə bağlı suallarını cavablandırıb.
- Açıq havada maska rejimini ləğv ediləcəyi barədə yayılan sayiələrə münasibətiniz necədir?
- Çox müsbət. Ümid edirəm ki, bu yaxınlarda elə belə də olacaq. Ancaq hesab etmirəm ki, bu şayiədir, çünki bu yaxınlarda AzTV-nin efirində belə bir ehtimalı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi qeyd edib.
- Necə düşünürsünüz, bu hamıya, yoxsa yalnız peyvənd olunanlara aid ediləcək?
- Əlbəttə ki, hamıya. Maska taxanların peyvənd olunub-olunmamasını texniki cəhətdən müəyyən etmək mümkün deyil.
- Sizcə bu, yay mövsümü və xəstəlik səviyyəsinin azalması ilə əlaqədardır və payızda rejim geri qaytarılacaq, yoxsa bu metoddan birdəfəlik imtina edilir? İnsanın peyvənd olub-olmamasından asılı olacaq üçüncü variant mümkündür?
- Düşünürəm ki, bu, yoluxmuş insanların sayının azalması ilə əlaqədardır. Yoluxma sayının azalmasına səbəb də vaksinasiya olunanlarının artmasıdır. Bəli, böyük ehtimalla bu, artıq davamlı olacaq. Əsas odur ki, sonradan yoluxma sayında artım dinamikası dəyişməsin.
- Ölkə vətəndaşlarının seçim imkanı var, artıq Rusiyanın “Sputnik V” peyvəndi ilə vaksinasiya başladı.
- Əsas odur ki, peyvənd təsirli olsun. Hesab edirəm ki, istehsalçı o qədər də vacib deyil.
- Necə düşünürsüz, vətəndaşlar üçün açıq havada peyvənd və maskalar barədə kifayət qədər aydın, şəffaf və peşəkar məlumatlar varmı? Yoxsa belə bir məlumatın olmaması, tənzimləyici orqanların isə müəyyən qadağaları tətbiq etmək və ya onları ləğv etmək tələbi insanların seçim etməsini çox çətinləşdirir?
- Bəli, peşəkar məlumatlar azdı. Ancaq bu, yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün bir problemdir. Məsələn, mən peyvənd vurdurmamışam və vaksinin gələcəkdə yan təsirlərinin olmayacağına əmin olana qədər də vurdurmayacağam. Əgər bu barədə bir məlumat varsa, amma yayılmırsa, bunun üzərində işləməliyik.