Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ana: “Şəhid xəbərini almadan iki gün əvvəl yuxumda Orxanın şəhadətini gördüm” - FOTO
“Müharibəyə gedəndə sanki şəhid olacağını bilirdi. “Mən qayıdana qədər çətinlik çəkməyin” deyib, çox sevdiyi maşını satdı. Qardaşına da dedi ki, “bu, sonuncu maşınım idi, bir daha maşın ala bilməyəcəm”. Orxanın bir gülüşü bizim bütün dərdimizi dağıdardı, indi onun dərdinə təsəlli tapa bilmirik”.
Şəhidimizin ailəsini ziyarət etmək üçün yaşadığı evə yollandıq. Evə gedən yolda 29 yaşlı şəhid Orxan Qəhrəmanovun fotolarının əks olunduğu lövhələr asılıb. Hər kəs bu gənci mərd, vətənpərvər oğlan kimi xatırlayır.
Kiçik evdə dünyaya gələn böyük ürəkli qəhrəmanımızın anası Arzu Qəhrəmanova bizi qarşılayır. Sanki bir anlıq oğlunun şəhid olduğunu unutmuş kimi idi. Gülərüzlə bizi qarşılayıb, evə buyurdu.
Bir anda gözü kameraya tuş gələn ana gəlişimizin səbəbini ya xatırladı, ya da bu günə qədər qəbul etmək istəmədiyi həqiqətlə yenidən üz-üzə gəldi... O, artıq qürurlu, xalqın fəxr etdiyi şəhidlərimizdən birinin anasıdır...
Şəhid anası bizi Orxandan geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...
Oxu.Az-ın əməkdaşları şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova ilə həmsöhbət olublar.
Qısa olaraq qeyd edim ki, Qəhrəmanov Orxan Səlvər oğlu 1991-ci il martın 28-də Bakı şəhəri, Qaraçuxur qəsəbəsində anadan olub. Ailədə iki qardaş olublar. 1997-2006-cı illərdə N.Nəbiyev adına 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.
Anası deyir ki, Orxan kiçik yaşlarından vətənpərvər ruhda böyüyüb, şən uşaq olub:
“1994-cü ildə Orxanın əmisi də şəhid olub. Elə o vaxtdan əmisinin qisasını, torpaqlarımızı işğaldan azad olunacağı günü düşünürdü. Oğlanlarımın hər ikisi könüllü olaraq müharibəyə yazıldı. Elə oldu ki, Orxanı çağırdılar, o biri oğlumu yox. Sözün düzü, mən narahat olmuşdum, amma Orxan çox qürur duyurdu. Anayam, ürəyim dağlanır, amma mənim oğlum, o birinin oğlu getməsə, bu Vətəni kim qoruyacaq? Allaha sığındım, Orxanı müharibəyə yola saldım. Getməzdən qabaq sevə-sevə aldığı avtomobilini satdı.
Satdıqdan sonra qardaşına deyib ki, hiss edirəm ki, bir də maşın ala bilməyəcəyik. Pulunu da bizə verdi ki, o qayıdana qədər çətinlik çəkməyək. Onu müharibəyə yola salanda mənə dedi ki, sən fəxr edəcəksən ki, şəhid anasısan. Sentyabrın 27-də Orxangilin taboru Füzuliyə aparılıb. Orxan müharibədə topçu kimi iştirak edib. Orxangil Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə vuruşub”.
Orxanın komandiri döyüş bölgəsində ona tibb çantasını verərək, yaralı əsgərlərə köməklik etməsini tapşırsa da, o, etiraz edərək irəliyə atılıb. Bu sözləri Orxanın şəhadətindən sonra evinə gələn əsgər yoldaşları Arzu xanıma deyib.
Orxan anasına hər şeyin yaxşı olduğunu deyib:
“Heç vaxt harada olduğunu demirdi. Bircə onu deyirdi ki, “ana, narahat olma”. O, müharibədə olduğu müddətdə dostları ilə zarafatlaşıb, “Füzulini aldıq, neçə sot torpaq istəyirsiniz, sizin üçün də saxlayım” deyirdi. Erməniləri məhv etdikcə fotolarını çəkdiyini deyirdi. ”Biz burada şəhidlərimizin qisasını alırıq, torpaqlarımızı azad edə-edə tarix yazırıq” deyirdi. Oktyabrın 19-da Orxan bizə zəng etmişdi. Nəvəmin ad gününü təbrik etdi, tez də sağollaşdı ki, yenə yığaram.
Döyüşə getməzdən iki gün qabaq isə 3 metr dərinliyində quyuya yıxılıb. Uşaqlar kömək edib çıxarıblar. Komandiri deyib ki, “ağrın varsa, xəsarət varsa, geridə qal, dincəl”. Deyib ki, “yox, heç yerim ağrımır”. Oktyabrın 20-də Orxanın telefonuna zəng çatmayıb. Amma oktyabrın 21-i günü əsgər yoldaşı Orxanın telefonundan evlərini yığıb. Orxangil oktyabrın 19-u gərgin döyüşə giriblər. Döyüş yoldaşları ilə birgə oktyabrın 21-i şəhid olublar. Dostları deyir ki, qəlbə yarası alıb, neytral ərazidə olduğu üçün tez götürə bilməyiblər. Qan itkisi çox olub, üstəlik tibb çantasını da yanında götürmədiyi üçün özünə ilkin yardım edə bilməyib. Oktyabrın 23-ü gecə nəşini götürüblər”.
Anası deyir ki, 27 gün müddətində hər telefon zəngi onun ürəyini titrədib, lakin oktyabrın 24-də gələn zəng bütün həyat sevincini də, həyəcanını da bitirib...
“Oktyabrın 24-də telefonuma zəng gəldi. Açanda dedilər ki, hərbi komissarlıqdandır. Artıq ürəyimdə qəribə bir hiss yarandı. Heç onlar deməmiş bildim ki, Orxana nə isə olub. Dedilər ki, “sabah zəhmət olmasa, komissarlığa yaxınlaşarsınız, möhkəm olun”. Mən oğlum gətiriləndə onu son dəfə görmək istədim və xahiş etdim ki, üzünü açsınlar. Vidalaşdım və ürəyimin yarısını Orxanla birlikdə torpağın altına dəfn elədim”.
“Şəhid xəbərini almazdan iki gün əvvəl yuxuda Orxanın şəhadətini gördüm...”
Orxanın iki silah yoldaşı digərlərinə nisbətən tez-tez Arzu xanımı ziyarət edirlər. Bu, şəhid anasını çox düşündürür. O deyir ki, elə bilirəm ki, Orxan onlara vəsiyyət edib:
“Dostlarından biri Orxan şəhid olduqdan sonra bizə gəldi. Boynundakı boyunbağını mənə verdi və ağladı. Nə qədər soruşdum, mənə heç nə demədi. Amma mən hiss edirəm ki, o iki uşaq Orxanın son sözlərini dediyi uşaqlar ola bilər. Məni incitməmək üçün gözlərini qaçırırdılar. Oğlumun son sözlərinin nə olduğunu bilmədim...
Orxan şəhid olmazdan iki gün qabaq yuxuda oğlumun şəhadətini gördüm. Həmin gün günorta yuxuladım, halbuki heç vaxt o saatda yatmazdım. Elə Orxanın yerində yatmışam, yuxuda bərk ağlamışam. Ağacların arasında gördüm ki, bir qapı var. Qapını kimsə açdı və dedi ki, ehtiyatlı olun, ermənilər gəldi. Sonra bildim ki, həmin gecə onların postuna hücum olub. Orxanın üstündən çıxan bir telefonu oldu. Orada da öldürülən ermənilərin nəşləri idi. Hamısını sildim. Orxanın hərbi formasını istədim. O qədər pis vəziyyətdə olub ki, ana kimi mənə qıymadılar ki, balamın formasını qanlar içərisində görüm”.
“10 aydır ki, Orxanın yolunu gözləyirəm, ömrümün sonuna qədər də gözləyəcəm...”
Arzu xanım deyir ki, Orxana ailə qurmaqla bağlı söz deyəndə verdiyi cavablar bu gün ürəyinə ox kimi sancılıb:
“Evlən, oğlum, deyirdim, məni dinləmədi. Deyirdim ki, sənin də uşaqlarını görüm, nəvə oynadım. Mənə deyirdi ki, sənin görəcəyin nəvələrin elə qardaşım uşaqlarıdır. Məndən geriyə yadigar olmayacaq... Balam mənim başımı uca etdi, şəhidlik zirvəsinə ucalıb, məni qürurlandırdı. Amma ana kimi nəfəsimi kəsdi. Orxan fikirləşmədi ki, mən onunla, qardaşı ilə nəfəs alıram. İndi ürəyimə təsəlli o biri oğlum və nəvələrimdi”.
Qeyd edək ki, Orxan Qəhrəmanov oktyabrın 25-də Suraxanı rayonu, Dədə Qorqud qəbiristanlığında şəhidlər üçün ayrılan xüsusi ərazidə dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Orxan Qəhrəmanov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Rəylər