Paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkı artıq vətəndaşların istifadəsinə verilib.
Oxu.Az xəbər verir ki, park paytaxtın Həsən Seyidbəyli küçəsində yerləşir.
Paytaxtın unudulan, istifadəsiz ərazisində yaradılan möhtəşəm parkın sahəsi dörd hektardır. Əraziyə qazon döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
İnsanların rahat gəzintisi üçün parkda uzunluğu 1200 metr uzunluğunda piyada yolları çəkilib.
Digər parklardan fərqli olaraq ərazidə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.
Ərazinin relyefi çox çətin olduğundan burada sürüşmə ehtimallarının qarşısının alınması məqsədilə istinad divarı çəkilib.
Park ərazisində azyaşlı sakinlərin rahat istirahəti üçün də şərait yaradılıb. Belə ki, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.
Burada əhalinin rahat piknik etməsi üçün söhbətgahlar, köşklər quraşdırılıb. Uşaqlar üçün ayrılan oyun meydançasında valideynlərin oturması üçün də 10 ədəd oturacaq quraşdırılıb.
Parka üz tutan sakinlər istirahət üçün yaradılan şəraitdən razı qaldıqlarını deyirlər. İnsanlar parkın səliqəli qalması üçün hər kəsi təmizliyə riayət etməyə, yaşıllıqları qorumağa çağırıblar.
Piknik məkanı, möhtəşəm fəvvarə, uşaqlar üçün attraksionlar - “Çəmbərəkənd” parkından FOTOREPORTAJ - VİDEO
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər