Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 106 ili tamam olur.
Oxu.Az xatırladır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Müasir Azərbaycan ədliyyəsinin təsis edilməsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə verdiyi xüsusi əhəmiyyətinin göstəricisi idi. Ötən 105 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb.
Azərbaycan ədliyyəsinin fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaradıb.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.
Ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin, Prezident İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm "yol xəritəsi" olmaqla, bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.
Ədliyyə Nazirliyi tərəfindən aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Bu gün əhaliyə 40-dək elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Azad olunmuş ərazilərdə səyyar ədliyyə xidmətləri təşkil edilir.
Ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, eləcə də, əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir.
Nazirlik, həmçinin, bələdiyyələrə metodoloji yardım göstərir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.
Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli konkret işlərin dayandığını göstərir.
Bütün ədliyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edirik!
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- Türk Ədliyyə Təlim Şəbəkəsinə Azərbaycanın sədrliyi çərçivəsində beynəlxalq konfrans keçirilir
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ