Son günlər zəhərlənmələrlə bağlı faktlar artıb. Toksikoloji şöbəyə müraciət edənlərin sayında da artım müşahidə edilir.
Təkcə iyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib. Onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Bəs zəhərlənmələr daha çox nə ilə bağlı olur? Doğrudanmı ehtiyatsızlıqdan sağlamlığımıza ziyan veririk? İnsanlar zəhərlənmələrə qarşı hansı ilkin tədbirləri görməlidir?
Bu və digər suallarımızı Oxu.Az-a müsahibəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov cavablandırıb.
- Azər doktor, xəstələri daha çox hansı zəhərlənmə ilə qəbul edirsiniz?
- Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə zəhərlənmə ilə bağlı edilən müraciətlərin 80 faizi təcili tibbi yardım briqadası ilə gətirilir. Yay mövsümüdür və havalar çox isti keçir. Ona görə də, bu gün zəhərlənmələr arasında üstünlük ilan sancmalarıdır. Xüsusilə də gürzə ilanı ilə bağlı müraciətlər həddən çoxdur. Demək olar ki, hər ay bu şikayətlə 25 nəfər stasionar müalicəyə qəbul edilir. Elə eyni sayda vətəndaş da müraciət edir və həkim məsləhəti ilə ambulator formada müalicəyə göndərilir.
- Ölüm statistikası nə qədərdir?
- Bizdə il ərzində götürsək, ölüm dərəcəsi 1,4 faizdir. Amma nəzərə almaq lazımdır ki, il ərzində 8-10 min arası müraciətə ambulator şəkildə, 2 minə yaxın müraciətə isə stasionar şəkildə baxılır. Artıq uzun illərdir biz bu rəqəmin artmaması üçün çalışırıq və deyərdim ki, buna nail olmuşuq.
- Bəs zərdablarla bağlı lazımi qədər ehtiyat varmı?
- Biz ilin əvvəlindən bu məsələni kifayət qədər aktiv saxlamışdıq. Sağ olsun aidiyyəti qurumlar bu məsələni həll etdilər. Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsi, şəhər xəstəxanaları, təcili tibbi yardım briqadaları, regionlarda, mərkəzi rayon xəstəxanalarında da artıqlaması ilə zərdab var.
- Bəs ucqar kəndlərdə tibb məntəqələrində necə? Orada da tələbat çox olar.
- Bəli. Ucqar kəndlərdə tibb məntəqələri, sahə məntəqələrində də zərdablar var. Sayı az olsa da, istifadə olunsa da, olunmasa da təminat tam təmin edilir.
- Uşaqlar arasında zəhərlənmələr çoxalıb. Nə ilə bağlıdır?
- Hər il bizim mərkəzə 250-300 nəfər uşaq qəbul olunur. Eyni zamanda 150-200 nəfərə isə həkim məsləhəti verilir. Əsasən uşaqlarda zəhərlənmələrin böyük qismi ehtiyatsızlıqdan, nəzarətsizlikdən baş verir.
Daha çox rəngli vitaminlər, dərman preparatlarının qəbulundan qaynaqlanan zəhərlənmə halları baş verir. Şəkər dərmanları, sakitləşdirici, antibiotikləri uşaqların əli çatmayan yerə qoymaq lazımdır. Azyaşlılar nəzarətsiz qalanda bu kimi xoşagəlməz hallar baş verə bilir.
- Sirkə turşusu ilə zəhərlənmələr necə?
- Eləcə də sirkə turşusu ən riskli məsələlərdəndir. Dəfələrlə müşahidə aparmışıq, təbliğat xarakterli məlumatlar paylaşmışıq ki, sirkə turşusunu soyuducunun aşağı gözünə qoymayın. Soyuducunu açan kimi uşaqlar həmin şüşəni su zənn edib içir və zəhərlənmə baş verir. Ağır zəhərlənmə olmasa da, uşaq orqanizmi həssasdır, selikli qişaları yandıqdan sonra ağır nəticələr ola bilir.
- Zəhərlənmələrdən ölənlərin sayı artırmı?
- Deməzdim artır. Ölüm halları daha çox ilan sancmalarında və sirkə turşusundan zəhərlənmə hallarında olur. Hər il həkimlərin bütün səylərinə baxmayaraq, 4-5 nəfərin həyatını xilas etmək olmur.
- Doktor bəs bu sirkə turşusu ilə zəhərlənmə halları həqiqətən ehtiyatsızlıqdan olur yoxsa intihardır?
- Burada, əslində, söhbət ölüm dozasından gedir. İlan zəhərlənməsindən sonra sirkə turşusu ölüm faktlarına görə ikinci yerdədir. Normalda sirkə turşusunun ölüm dozası iki xörək qaşığı hesablanır. Bu haradasa 30 ml məhlul edir ki, bir qurtum belə tibbi ədəbiyyatda ölüm dozası kimi qiymətləndirilə bilir. Çox doza qəbul edən pasiyentlər də olub ki, həkim müdaxiləsi ilə həyatını xilas etmək mümkün olub. Lakin orqanizmdən də çox şey asılıdır.
Lakin fəsadlaşmış vəziyyət hər zaman qalır. Ağciyər, qaraciyər, böyrək, qan hüceyrələrinə ciddi təsir edir və orqanların funksionallığını pozur. Üçüncü yerdə isə dərman preparatlarıdır.
- Bu gün cəmiyyətdə depressiya, epilepsiya, qıcolmaya qarşı və yuxu gətirən dərmanlardan istifadə edənlər də az deyil. Gərgin iş rejimi insanları buna vadar edir, desək, yalan olmaz. Bu səbəbdən da zəhərlənmələr olur. Bu barədə nə tövsiyə edərdiniz?
- Antidepressant, psixotrop dərmanlar, sakitləşdiricilərin həkim təyinatı olmadan qəbulu ümumiyyətlə yol verilməzdir. Son zamanlar bu məsələ çox aktuallaşıb. 5-10 il ərzində nəinki depressiya halları, özünəqəsd halları da bir qədər artıb. Biz bunu müşahidə edirik. Bu barədə çox məlumatlar da ictimailəşdirilir.
Tez-tez rastlaşırıq ki, insanlar qohum-qonşunun məsləhəti ilə hansısa antidepressant dərman preparatı qəbul edirlər. Nəticədə isə onun mənfi təsirini görürlər. Dərman qəbulunun xeyrindən çox ziyanı olur. Ya ağır, ya da yüngül dərəcəli zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edirlər. Məsləhət edirəm ki, epilepsiya, qıcolma, depressiya ilə qarşılaşanlar dərman qəbulunu mütləq həkim nəzarətində həyata keçirsinlər. Çünki bu dərmanların müəyyən dozası var. Birdəfəlik qəbul və birdəfəlik dayandırmaq lazım deyil.
- Yay mövsümündə gün vurma ilə qida zəhərlənməsi hallarını bir-birinə qarışdıranlar da çoxdur. Bu iki halın simptomlarını fərqləndirən cəhətlər hansılardır və ilkin müdaxilə üçün nə etmək lazımdır?
- Bilirsiniz, qida zəhərlənməsi daha çox qarpızdan olur. Çünki qarpızı kəsildikdən sonra 24 saat ərzində istehlak etmək məsləhətdir. Onu soyuducuya qoysalar da, orada reaksiya gedir. Qarpızı bir-iki gün soyuducuda saxlamaq olmaz, kütləvi zəhərlənmələrə səbəb olur.
Simptomlar zəhərlənmə zamanı baş ağrısı, qarın nahiyəsində köp, gicəllənmə, ürəkbulanma, hərarət, ishal halları müşahidə edilir. Bu vəziyyət kəskinləşərsə, mütləq həkim nəzarəti lazımdır. Yubanmadan xəstəxanaya getmək tövsiyə edilir. O ki qaldı həkimə qədər insana ilkin yardım etmək məsələsinə, mədəni yumaq üçün qusmaq lazımdır. Ya da bağırsaq imaləsi etmək lazımdır ki, həkimdən öncə vəziyyəti nəzarətdə saxlaya bilsinlər.
- Məişətdə işlənən kimyəvi preparatlardan, məhlullardan zəhərlənmələr tənəffüs yollarında ciddi fəsadlar törədirmi?
- Bəli, bu çox həssas məsələdir. Xanımlar kimyəvi maddələri bir-birinə çox qatırlar. Təsəvvür edin, turşu və qələvi tərkibli məhlulları bir-birinə qatmaqla risk edirlər. Onların qarışığında buxar əmələ gəlir və bu buxar boğucu təsirə malikdir. O mühitdə 5-10 saniyə qaldıqda belə toksiki təsirə məruz qalaraq zəhərlənə bilərsən. Ağciyər sisteminə, qan dövranına, ürək sisteminə ziyan vurur, bir dəqiqə bu mühitdə qalan insan huşunu da itirə bilər. Həssas insanlara, bronxit, astma, tənəffüs yolu xəstəlikləri olan insanlara daha ağır təsir edə bilər. Odur ki, kimyəvi məhlullarla işləyərkən qoruyucu respirator vasitələrdən istifadə edilməlidir.
- Huşunu itirə bilər dediniz. Belə olanda, insan nə qədər huşsuz qalsa, həyati təhlükə gözlənilir?
- Ölüm olmasa belə, fəsadlaşmış vəziyyət yarana bilər. Həkimlər gərək uzun müddət müalicə metodları tətbiq etsinlər ki, onların orqanizmi bərpa olunsun. Bir neçə saat belə təhlükəli hesab edilir.
- Xüsusilə dönər və digər fastfuddan zəhərlənmələr zamanı orqanizmdə hansı fəsadlar qala bilər?
- Ətin keyfiyyətindən çox şey asılıdır. Daha sonra mayonezin saxlama müddəti 6-8 saatdır. Mayonez bişdikdən sonra onun saxlanılması normal deyil, bu zəhərlənməyə səbəb ola bilər. Qida məhsullarının bu kimi saxlanma qaydaları düzgün olmayanda kütləvi zəhərlənmələrə səbəb olur.
- Alkoqollu içkilərdən zəhərlənmə halları arasında ölüm faktı varmı?
- Ölüm faktı olmasa da, bir gündən bir mərkəzə zəhərlənmə yox, sərxoş halda 2-3 nəfər müraciət edir. Əvvəllər 5-6 nəfər müraciət edirdi, hazırda bu istiqamətdə müraciətlər azalıb. İl ərzində isə 60-70 nəfər spirtli içkidən ağır formada zəhərlənmə faktı ilə müraciət edir.
Metil spirti çox toksik təsir edir. Onun da xüsusi dozası var ki, onu aşdıqda ağır zəhərlənmə, hətta ölüm halları yaşana bilər. Hətta onu deyim ki, az dozada qəbulu görmənin itirilməsi, eşitmənin itirilməsinə səbəb olur. Maksimum 2 sutka ərzində həkim müdaxiləsi olmasa, ölümə səbəb ola bilər.
İki-üç il bundan öncə metil spirti qəbul edən 38 nəfərdən 22-si ölmüşdü. Hamısı da cavan oğlanlar. İnsan bu duruma çox üzülür. Amma artıq belə rəqəmlər yoxdur.
- Ümumiyyətlə, müraciətlər arasında intiharlar dəqiq təsbit edilə bilirmi?
-Mərkəzdə toksiki kimyəvi laboratoriya fəaliyyət göstərir. Burada zəhərlənmənin kəmiyyət və keyfiyyət dərəcəsi müəyyən edilir. Elə hallar olur ki, zəhərlənmənin tərkibi müəyyən edilir. Daha sonra dərəcələrinə - yüngül, orta ağır, ağır və kəskin ağır dərəcədə olub-olmadığına baxırıq. Faizlə bunu müəyyən edirik.
- Zəhərlənmə zamanı hiss etmədən yatan insanlar olur. Yuxuda olan zaman orqanizmdə dəyişiklik gedir və zəhərlənmə qana keçə bilir. Bu hallarda qanın təmizlənməsi prosesi necə həyata keçirilir?
- Mərkəzdə bu kimi hallarla daha yaxşı mübarizə aparılması üçün yeni – qan təmizləmə bloku yaradılacaq. Artıq bu istiqamətdə danışıqlar gedir. Ən son müasir texnologiyalar ilə təchiz ediləcək. Bundan sonra zəhərlənmə qana keçən zaman istənilən dərəcədə pasiyentlərin həyatını xilas edə biləcəyik. Qan təmiz yuyulacaq.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər