Ustad Aşıq Ələsgərin Azərbaycandakı bulaqları vəsf edən məşhur “Dolanır” qoşması var. Həmin qoşmanın birinci bəndində qeyd edilir ki, “Axşam-sabah, çeşmə, sənin başına, Bilirsənmi, necə canlar dolanır!? Büllur buxaq, lalə yanaq, ay qabaq, Şahmar zülfü pərişanlar dolanır”.
Adı dillər əzbəri olan, sərinliyinə, gözəlliyinə şeirlər qoşulan belə çeşmələrdən biri də Yardımlı rayonunun Bozayran kəndindəki “Şur-şur” bulağıdır. Vaxtilə qız-gəlinin sıx toplaşdığı, anaların oğlanlarına qız bəyənib seçdiyi, yaşıllıqlarla, dağlarla əhatələnən, səliqə-sahmanı ilə seçilən bu məkan indi antisanitariya mənbəyinə çevrilib. Yerli bələdiyyə və icra nümayəndəliyi tərəfindən kənd ərazisində tullantıların idarə olunması düzgün təşkil edilmədiyindən, əhali arasında düzgün maarifləndirmə işi aparılmadığından sakinlər əllərinə keçən zibili bu bulağın ətrafındakı çala-çuxura, dərəyə atır. Bulaq başına istirahətə - yeyib-içməyə gələnlər də özlərinə əziyyət vermədən tullantıları ətrafa atırlar. İllərdir Bozayranda həyat bu qaydada davam edir ki, bunun da nəticəsində meşəlik ərazidə bulağın ətrafı böyük zibilliyə çevrilib. Təəssüf doğuran məqam bundan ibarətdir ki, belə mənzərə həm aidiyyəti qurumlar, həm də sakinlər üçün adiləşib. Əgər belə olmasaydı, bizim görüb şəklini çəkdiyimiz, narahatlıqla ictimailəşdirdiyimiz faktlar da ortada olmazdı.
“Kaspi” qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.
Bozayranda bulaq ətrafında müşahidə etdiyimiz “mənzərə”ni ictimailəşdirməzdən əvvəl kənd bələdiyyəsinin və icra nümayəndəliyinin mövqeyini öyrənməyə çalışdıq. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Bozayran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz Məcidli “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, “Şur-şur” bulağı ətrafında bu il təmir işləri aparılacaq. Bulaq ətrafındakı zibilliyə gəlincə, o, tullantıların, əsasən, yuxarı dərələrdə olduğunu, hər il ərazinin təmizlətdirildiyini söylədi: “Bu zibillik orada çoxdan var. Hər il ərazini təmizlətdiririk. Sadəcə, oraya atılanlar istifadə olunmuş körpə uşaq bezləridir. Dərə dərindir deyə, onları yığıb daşımaq, təmizləmək olmur. Kənddə yas məclislərində, toylarda, həmçinin əhali ilə ayrıca görüşlərdə dəfələrlə fərdi söhbətlər aparır, “Şur-şur” bulağı ətrafını, dərəni zibilləməməyi onlardan xahiş edirik. Digər tərəfdən, bulaq ətrafındakı ərazinin bir hissəsi kənd sakininin həyətyanı sahəsidir. Dəfələrlə həmin sakinlə də söhbətlərimiz olub, ərazinin kimlər tərəfindən zibillənməsini araşdırmışıq. Kənd sakinləri deyirlər ki, xəbərimiz yoxdur, biz bilmirik. Hamı xəbərim yoxdur deyir, amma gecə vaxtı əlinə düşən zibili həmin əraziyə tullayır. Ən qəribəsi budur ki, bulaqətrafı ərazinin bir hissəsi şəxsi əmlakı, həyətyanı sahəsi olan vətəndaşın özü də ətrafın zibilliyə çevrilməsini adi hal kimi qarşılayır”.
İcra nümayəndəsi “Şur-şur” bulağı ətrafında və yuxarı hissəsində zibil qabları quraşdırmaq, tullantıların əraziyə atılmasının qarşısını almaq barədə düşündüklərini dilə gətirdi: “Lakin bu da vəziyyəti düzəltməyəcək. Çünki dərəlik əraziyə texnika düşüb çıxa bilməyəcək, nəticədə, tullantıların daşınması qeyri-mümkün olacaq. Qalaqlanan tullantıları da it-pişik dartışdırıb ətrafa səpələyəcək, antisanitar vəziyyət baş alıb gedəcək. Yenə sel gələndə o uşaq bezlərini selin qabağına atırdıq, yuyub aparırdı. Hazırda bizə nə vaxt işçi qüvvəsi veriləcəyini gözləyirik ki, ərazini təmizlətdirək. Təmizlikdən sonra əraziyə məlumat lövhələri də quraşdıracağıq ki, bura zibil atmaq olmaz”.
Bozayran bələdiyyəsinin sədri Bəhruz Ağayev də bizimlə söhbətində iddia etdi ki, əhali arasında maarifləndirmə işi aparılmasına rəğmən, camaat yenə də zibili həmin dərəyə atır: “Biz camaatın əlində girinc qalmışıq. Vətəndaşlar deyirlər ki, zibili atmağa yer yoxdur, ona görə də buraya atırıq”. “Tullantıların düzgün idarə olunması üçün kənddə vətəndaşlara alternativ imkan yaradılıbmı” sualımıza bələdiyyə sədri “xeyr” deyə cavab verdi. Ən təəccüblüsü isə bu oldu ki, bələdiyyə sədri zibilləri axar çaya atmağı təbii hal saydı: “Kənddə çay var, zibil yerləri var zibili atmağa. Sakinlər zibilləri maşına qoyub gətirib ora atmalıdır. Amma etmirlər. Bunun əvəzinə, qadınlar bulağa gələndə zibilləri özləri ilə gətirib oradakı dərəyə atırlar. Problemi həll etmək üçün müraciət etmişik ki, işçi qüvvə göndərsinlər, ərazini təmizləyək. Onlar da bu gün sabaha salırlar deyə, hələ ki gözləyirik”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova artıq nazirliyin əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırmalara başlanıldığını söylədi. Mətbuat katibi təəssüf hissi ilə qeyd etdi ki, belə “mənzərə” bir çox sahil boyu ərazilərdə, çay kənarlarında müşahidə olunur: “Düzdür, bunu hamımız görürük, hətta qınaq edirik. Lakin bir an fikirləşək, niyə bitmir bu tullantılar? Bu qədər təbliğat aparılır, bu qədər qınanılır, bu qədər yazılır, nəhayət, bu qədər təmizlənir... Əvvəlcə müəyyənləşdirək, bu əraziyə tullantıları atan kimlərdir? Əlbəttə ki, ətrafda yaşayanlar. Maraqlısı da odur ki, soruşsaq, hər kəs “mən atmıram” deyəcək. Onda bəs haradandır bu utandırıcı mənzərə? Təsəvvür edin, eyni ərazi dəfələrlə tullantılardan təmizlənir. Lakin yenə də tullantının toplandığının şahidi oluruq. Yəni zibil bitmir ki, bitmir. Niyə əraziləri bu günə salırıq? Nə vaxta qədər belə yanaşma olacaq? Yəqin ki, yanaşmamızı dəyişənədək”.
Rəylər