Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qanlı Yanvar faciəsini lentə alan müxbir: “Arxamca gələnlərə “bozqurd” işarəsi göstərirdim” - MÜSAHİBƏ + FOTO
“20 Yanvar dəhşətli faciədir. Lakin bununla azadlığa bir addım atdıq. Sübut etdik ki, biz diz çökən xalq deyilik”.
Bunu Oxu.Az-a müsahibəsində 20 Yanvar faciəsini lentə alan tanınmış fotomüxbir Rasim Sadıxov deyib.
Müsahibəni təqdim edirik:
- Rasim bəy, 20 Yanvar faciəsinin canlı şahidi olmaqla yanaşı, tarixi faktları lentə köçürənlərdənsiniz. Nələr gördünüz?
- Yanvarın 19-dan 20-nə keçən gecə elə bu otaqda qalmışdım. Həmin gün hər yerdə işıqları söndürmüşdülər. Yanvarın 19-da axşamüstü televiziyanın enerji blokunun partladılmasının səsini eşitdim. Başa düşdüm ki, nə isə baş verib. Sonra maşınlar oradan həyəcan siqnalı ilə hərəkət etməyə başladı, arabir atəş açılırdı. Gecə çəkiliş aparmaq mümkün deyildi. Səhər alatoranlıqda şəhərə çıxdım. Çəkiliş yerlərini təyin etməyə çalışırdım. Vəziyyəti öyrəndim. Sonra avadanlıqlarımı götürdüm.
Başa düşdüm ki, mənə köməkçi lazımdır. Çünki ovaxtkı lentlər 36 kadrdan ibarət idi. Özümlə 20-30 lent götürdüm. Fikirləşdim ki, çəkəndən sonra məni öldürə bilərlər, çəkdiklərim məhv olacaq. Onun üçün də tədbir fikirləşdim. Nəşriyyatdan bir neçə nəfər götürdüm. Onlar mənim arxamca təxminən 50-100 metr aralıda gəlirdilər. Lentlər dolanda onlara “bozqurd” işarəsi göstərirdim. O zaman gəlib lentləri məndən alırdılar.
- Tədbirli davranmısınız, yəqin, bunda öncəki təcrübənin rolu olub...
- Bəli, illər əvvəl mətbuatda çalışmağa başlamışdım. 1988-ci ildən Azadlıq hərəkatının çəkilişlərini aparırdım. Hadisələr baş verəndə artıq yerimdə dayana bilmirdim. İnsanın daxilində millilik, vətənpərvərlik hissi olmalıdır. Sən çıxmaya da, gizlənə də bilərsən. Orada olmaq içimdən gəlirdi. Düşündüm ki, gizlənsəm, sonra insanların üzünə baxa bilmərəm. Cinayətkarın əməlləri göz qabağında idi. Bəzi fotomüxbirlər pəncərədən qırğınları gördüklərini dedilər. Maraqlıdır ki, onlar necə evdə qala biliblər?.. Yanvarın 17-dən artıq nəşriyyatda qalırdım. Hiss olunurdu ki, nəsə baş verəcək. Son ana qədər heç kim inanmırdı. Mən özüm də inanmırdım ki, sovet ordusu başımıza belə bəla açar.
- Özünüzü güllələrdən necə qorudunuz?
- İstənilən an gülləyə tuş gələ bilərdim. Oraya gedəndə hər şeyi gözə almışdım. Ona görə lentləri çəkdikcə nəşriyyata göndərirdim. Deyirdim, qayıtmasam belə, tariximiz silinməsin. Qayıtmayacağımı güman edirdim.
- Həmin anda olan hisslər, yəqin ki, çox qarışıq olub...
- Bəli, çox qarışıq bir vəziyyət idi. Lakin düşünürəm ki, fotomüxbir soyuqqanlı olmalıdır. Düşünürsən ki, çəkdiyin lentlərlə hər kəs o cinayətkarı tanıyacaq, haradasa həyatını məhv edəcəksən. Düzdür, ağırdır, faciədir. Amma sən soyuqqanlı olmalı, çəkilişə davam etməlisən. Ürəklə yox, beyinlə hərəkət etməlisən. İnformasiyanı çatdırmalısan.
- Rasim bəy, o dövrdə itən fotolarınız oldu?
- Mənim təxminən 100-ə yaxın qeyri-adi fotom yoxa çıxıb. Onlar üzünü çıxara bilmədiyim, ən güclü şəkillərim idi. Albom buraxmaq adı ilə bir tanışım həmin lentləri məndən aldı. Fotoları aşkarlaya bilməmişdim, o səbəbdən məcburiyyətdən lentləri verdim. Saflıq etdim. Mən ondan bir müddət sonra lentlərin aqibətini soruşanda dedi ki, “mən onları itirdim, tapa bilmirəm”. Mən nə vəziyyətə düşdüm... Qarşı tərəf mənə asanlıqla itirdiyini dedi. Axı mən onu nə əziyyətlə çəkmişdim... Hələ də gözüm o şəkilləri axtarır. Özümü bağışlaya bilmirəm. Mən ona səhv edib inandım.
- Fotolara görə təzyiqlərə məruz qalmısınızmı?
- Cinayəti çəkdiyim üçün təzyiqlərə məruz qalmışam. Şəkilləri çəkib, yayımlayırdım. İndi də paylaşıram. Bəzən hətta üzümə belə deyirlər ki, fotolara baxmışıq, daha bəsdir. Elələrinə sözüm odur ki, baxmısan, yenə bax. Hər il yanvarın 7-8-dən paylaşımlara başlayıram. Gələcək nəsillər də baxmalıdırlar. Şəhidlərimiz bizə görə canlarından keçdilər. Necə ki 44 günlük müharibədə ərazi bütövlüyümüzü qanları bahasına bərpa etdilər. Onlar sübut etdilər ki, bu millət diz çökən deyil.
- Sizcə, II Qarabağ müharibəsində belə şəkillər çəkilmişdimi? Münasibətiniz necə oldu?
- Yavaş-yavaş fotomüxbirlər sıradan çıxırlar. Fotoçəkilişlərə ehtiyac qalmayacaq. Kosmosdan istənilən fotolar çəkilə bilir. Müharibə dövründə əsgərlərin hər birinin yaxasında videokamera yerləşdirmək lazımdır. Bu, problemli məsələ deyil. Artıq fotomüxbirlərə yer qalmır. Ona görə də 44 günlük müharibədə heç kəsi çəkiliş üçün göndərmədilər.
- 20 Yanvar gecəsi çəkdiyiniz şəkillərdən yayımlamaqdan çəkindiyiniz oldumu? Əgər oldusa, səbəbi nə idi?
- Yayımlamadığım şəkillərim olub. Tank altında qalan insanlar, qan.. çoxdur. Şəkilləri ağ-qara edirəm. Rəngli versiyaları da var. Mən qəsdən ağ-qara edirəm. Çünki bəzi məqamlar var ki, ona hər kəs baxa bilməz. Əlliyə yaxın şəkil işıq üzü görməyib. Rəqəmsallaşdırmamışam.
- Nə vaxtsa fotolarınızdan ibarət sərgi təşkil etmisiniz?
- Bu gün sərgi olacaq. Lakin mən təşkil etmirəm. Sadəcə, müraciət ediblər ki, işıqlandıraq. Özüm təşkil etməmişəm. Həm vaxt, həm də maddi imkan yoxdur. Meyilli də deyiləm.
- Rasim bəy, həmin şəkilləri albom kimi nəşr etməyi düşünürsünüzmü?
- Albom kimi nəşr etdirməmişəm. Lakin bunu düşünürəm. İmkan olan kimi edəcəyəm. Maddiyyat olmadığı üçün vaxt da tapa bilmirəm.
- 20 Yanvar gecəsi ilə bağlı ilk fotoları harada dərc etdirmisiniz?
- 20 Yanvar gecəsi çəkilən fotoları 10x15 sm ölçüdə çap edirdim, cibdə gəzdirmək üçün hazırlayırdım.. Günə 1 000 foto çap edir, 50-50 yığırdım. İlk olaraq Türkiyə, Rusiya, Gürcüstanda və Baltikyanı ölkələrdə dərc olundu.
- Həmin dövrdə fotoaparatlar indiki kimi rəqəmsal deyildi, onların lentlərini xüsusi məhlullarla aşkarlamaq lazım gəlirdi. Həmin prosesdən danışmağınızı istərdim.
- Çox əziyyətli bir prosesdir. Hələ çəkiliş zamanı düşünürdüm ki, görəsən, alınıbmı, lent yanmayıb ki, fotonu çap edə biləcəyəmmi? Riskli idi. Amma indi asandır: proses izlənilə bilir. O vaxt belə deyildi. 36 kadrlıq lentlə çəkirdik. Çıxmayanda dəli olurduq.
Xocalıya ömründə əlində kamera tutmayan adamı göndərmişdim. Ona izah etdim ki, hansı tərzdə çəkmək lazımdır. Şəkillər rəngsiz idi. Lenti yudum. Mən kimyəvi yollarını bilirəm. Şəkillərin üzərində işlədim. Hər il o şəkillər yayımlanır.
Texniki nüanslardan əlavə, yaradıcı peşəkarlıq da şərtdir: çəkilən hər bir şəkil danışmalıdır. Fotoreportaj hazırlayanlar şəkli elə ərsəyə gətirməlidirlər ki, bütün insanlar ona baxan kimi hadisəni anlasınlar. Bir sözlə, şəkli elə çəkməlisən ki, sözə ehtiyac qalmasın.
- 20 Yanvarı hansı günlərdən hesab edirsiniz - faciə, yoxsa qürur?
- 20 Yanvar faciədir. Sovet işğalçı ordusunun bizim başımıza gətirdiyi faciəni gördük. Bizimkilər müqavimət göstərdilər. Azadlığa bir addım da atdıq. Öz azadlığımız uğrunda mübarizə apararaq, haqqımızı tələb etdik. Onlara başa saldıq ki, biz hüquqlarımızı tələb etməyi bacarırıq.
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid