May
2023
13:32
228
13
2810
Virtual karabakh

Nəbatat bağında restoranlar sökülüb, yerində giriş kompleksi salınır - FOTOREPORTAJ

5 May, 2023
13:32
2810

Nəbatat bağında restoranlar sökülüb, yerində giriş kompleksi salınır - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Nəbatat Bağında 40-a yaxın qeyri-qanuni ictimai iaşə obyekti, avtomobil təmiri sexi və digər tikililər sökülüb. Aparılan yenidənqurma işləri nəticəsində “Şəki” və “Qəbələ” restoranlarının yerində bağın geniş giriş kompleksi tikilir.

Oxu.Az xəbər verir ki, Nəbatat bağında aparılan tikinti işləri ilə tanışlıq üçün mediatur təşkil edilib. Mediatur zamanı bağın yeni layihəsi haqqında jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov məlumat verib.

O bildirib ki, Mərkəzi Nəbatat Bağının ərazisində qəzalı vəziyyətdə olan qeyri-qanuni binaların fəaliyyət göstərməsi bəzən ziyarətçilərin narahatlığına səbəb olurdu: 

“Artıq həmin obyektlər sökülüb. Böyük bir ərazini əhatə edəcək bağa giriş kompleksi hazırlanır. Kompleksdə kitabxana, avtomobillər üçün parklanma yeri və s. nəzərdə tutulub.

Mərkəzi Nəbatat Bağının təkcə girişində deyil, içərisində də geniş tikinti-quruculuq işləri aparılır. Bağda iri bir ərazini əhatə edəcək göl salınır və yanaşı olaraq insanların istirahəti üçün amfiteatrın inşası nəzərdə tutulur. Həmçinin, ərazidə uşaqların istirahəti üçün meydança, oyun guşələri də salınacaq.

Bağın daxilində mövcud olan qəzalı vəziyyətdəki bir və ikimərtəbəli ona yaxın bina artıq sökülüb və  onların ərazisində yaşıllıqların salınması yeni layihədə nəzərdə tutulur”.  

Jurnalistlərin suallarını cavablandıran Elmin İmanov onu da qeyd edib ki, Mərkəzi Nəbatat Bağı ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur:

“Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Nəbatat bağında insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün işlər görülür. Ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar. Bağda böyük oranjereyalar olacaq. Oranjereyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar. Ziyarətçilərin say çoxluğunu nəzərə alaraq, bağın içərisində bir neçə hissədə sanitar qovşaqların quraşdırılması nəzərdə tutulub. Lakin iaşə obyektləri fəaliyyət göstərməyəcək. İnsanlar şəhərin mərkəzində meşəni ziyarət etmək istəyirlərsə, bağa üz tuta biləcəklər”. 

Mərkəzi Nəbatat Bağının içərisində yerləşən Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva bundan öncə gündəmə çevrilən institutun sökülməsi barəsində iddialara aydınlıq gətirib. Onun sözlərinə görə, Botanika İnstitutunun sökülməsi haqqında şayiələr həqiqəti əks etdirmir. Həmçinin, Səyyarə İbadullayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onlarla görüşdüyünü və problemləri ilə maraqlandığını da bildirib: 

“Bizim otaqlarımız, herbari fondumuz yerindədir. Özümüz onları qoruyuruq. Eldar Əzizov bizimlə görüşdü və problemlərimizlə maraqlandı, suallarımıza cavab verdi. İnstitut Elm və Təhsil Nazirliyinin tabeliyindədir. İki qurum arasında danışıqlar aparılır. Yekun qərar bu danışıqların nəticəsində veriləcək. Amma bizim binanın sökülməsi, institutun, herbari fondumuzun dağılması doğru məlumat deyil”. 

Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev isə bağdakı xəstə ağaclar barədə danışıb. O bildirib ki, xəstə ağaclar, əsasən, Eldar şamı və sərv, ümumilikdə isə iynəyarpaqlılardır: 

“Ağacların xəstələnməsi və quruması bu yaxınlarda deyil, illər öncə baş verib. Xəstəliklərlə mübarizə isə 2021-ci ilin sonlarından başlayıb. Qurumuş 94 ağac üçün rəy verilmişdi, onlardan 65-i artıq götürülüb. Ağaclarda olan xəstəliklər təkcə bizim ölkədə deyil. Bu proseslər Gürcüstanda, Türkiyədə, Rusiyada, İspaniyada, ABŞ-də, Almaniyada, Yunanıstanda və digər ölkələrdə də gedir. Alimlər və mütəxəssislər xəstəliklərlə bağlı iş aparırlar. Türkiyədən, Rusiyadan və İsraildən olan mütəxəssisləri monitorinq üçün ölkəmizə dəvət etmişdik.

Biz mütəmadi olaraq ağacları müayinə edirik. İnyeksiya olunmuş ağaclarda müəyyən inkişaf var. Belə ki, ağaclarda olan quruma və digər mənfi proseslər inyeksiya vasitəsilə dayanır. Xəstəliyi olan və sağalmayan ağaclar isə utilizasiya olunur. Təkcə Bakıda ötən il üç min ağac kəsilərək utilizasiya edilib”.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə gəzintimiz zamanı hər hansı sağlam ağacın kəsilməsi faktına rast gəlmədik. Kəsilən ağacların xəstə və ya quru ağaclar olduğu bir daha diqqətə çatdırıldı.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri