30 
Noy
2023
18:01
19
609
11948
Virtual karabakh

“Məktəbdə qızılcaya yoluxma halları çoxdur, lakin gizlədilir” - İDDİA + YENİLƏNİB + VİDEO

30 Noy, 2023
18:01
11948

“Məktəbdə qızılcaya yoluxma halları çoxdur, lakin gizlədilir” - İDDİA + YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin dördüncü sinif şagirdi qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

Baku TV-nin əməkdaşı sözügedən məktəbdə olub.

Şagirdlərin sözlərinə görə, məktəbdə qızılcaya yoluxma halları çoxdur, lakin gizlədilir:

“Laçın müəllim tapşırıb ki, yoluxma barədə heç kimə deməyin”.

Daha ətraflı Baku TV-nin reportajında:  

15:33

Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, sözügedən şagirdin qızılca xəstəliyinə yoluxması ilə bağlı aidiyyəti quruma məlumat verilib və həmin gün şagird dərs prosesində iştirak etməyib:

“Valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər. Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.

Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir”.

13:49

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakıda qızılca xəstəliyindən vəfat edən uşaqla bağlı açıqlama verilib.

Qurumdan Oxu.Az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometr ünvanından 30.11.2023-cü il tarixində 04:26-da çağırış daxil olub:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, patoloji-anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

12:12

Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. 

Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. 

O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri