Dek
2023
11:34
53
7
1174
Virtual karabakh

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar - FOTO

5 Dek, 2023
11:34
1174

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.

Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətlərindən və klublardan 42 komanda olmaqla 580-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 29 idmançı ilə təmsil olunan FHN-in İdman-Sağlamlıq Klubunun karate komandasının idmançıları məşqçi-müəllimlər Coşqun Sadıqov, Akif Kərimov və Rafael Məmmədovun rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında kata və kumite yarışları üzrə mübarizə aparan FHN-in karate komandasının uşaq, yeniyetmə, gənc, böyüklər və parakarateçiləri yüksək nəticə əldə ediblər. Yeniyetmələr arasında kumite yarışlarında Fatma Hacıyeva (-47 kq), Mədinə Baratzadə (-48 kq), Əli Səfərov (-52 kq), Azərin Nəcəfova (-53 kq), gənclər arasında Nihad Kərimzadə (-75 kq), Yavərbəy Abdullayev (+84 kq) çəki dərəcələrində yarışın bürünc, yeniyetmələr arasında Səbinə Fərzəli isə (-59 kq) çəki dərəcəsində gümüş medalın sahibi olublar. FHN-in İdman-Sağlamlıq Klubunun əməkdaşı və Azərbaycan Karate üzrə milli yığma komandasının üzvü Murad Hacızadə (+84 kq) və Nicat Kərimli (-75 kq) gənclər və böyüklər arasında kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kata yarışlarında isə FHN-in Mülki Müdafiə Qoşunlarının əsgəri Xəyal Məmmədov (+16 yaş ), Tüncarə Cabbarova (+16 yaş), Nihat Məmmədzadə (18-20 yaş) bürünc, Yaqub Cəlalzadə (14-15 yaş), Samirə Məmmədova (18-20 yaş) gümüş medal qazanıblar.

Bundan əlavə, parakarateçilər arasında kata üzrə yarışlarında Nihat Məmmədzadə və Eldar Əhmədov qızıl medal qazanaraq çempion adına yiyələniblər. Qaliblərə Gənclər və İdman Nazirliyinin medalları və Azərbaycan Milli Karate Federasiyasının diplomları təqdim olunub.

4 dekabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri