Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Araz Məmmədzadə: “Sayğac quraşdırılanda istifadə qaydalarına dair təlimat abonentlərə təqdim edilir” - FOTO
“Abonentlərin yeni nəsil təmassız ödənişli smart tipli sayğaclardan istifadə zamanı müəyyən problemlə qarşılaşdığına dair şikayətlər bizə də daxil olur. Lakin bu məsələlər aidiyyəti departamentlər tərəfindən araşdırılmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin 2023-cü il üzrə hesabat konfransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, bənzər situasiyalara səbəb sayğac kartlarının həddən artıq elektromaqnit mühitə məruz qalması ola bilər:
“Hər bir sayğac quraşdırılan zaman onun istifadə qaydalarına dair təlimat abonentlərə təqdim edilir. Sayğac kartlarının hansı şəraitdə saxlanılması da buna daxildir. Ümumiyyətlə, bu tip şikayətlər araşdırılır, çünki bəzən bu lokal problem də ola bilər, İstehsalçı qüsurundan da yarana bilər”.
“Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev isə bildirib ki, bununla bağlı qurumun rəsmi saytında video formatda məlumatlar yerləşdirilib:
“Mətbuat vasitəsilə abonentlərə bir daha çağırış edərək, smart sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır. Çünki oxunma prosesi gedən zaman kartın uzaqlaşdırılması prosesin yarıda qalmasına səbəb olur. Bütün hallarda daxil olan müraciətlər araşdırılır. 90 faiz hallarda problem vətəndaşların kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır. Müraciətlərin bir faizi sayğacların istehsal qüsurundan, 9 faizi isə terminallardakı problemlərdən yarana bilir”.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Rəylər