29 
Yan
2020
20:00
162
18
3304
Virtual karabakh

Rafael Ağayevin davamçısı: “Məcburiyyətdən Nuranənin əlcəyindən istifadə etdim”

Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer Liqa yarışında kişi kumite komandamızdan yeganə medal qazanan idmançı 67 kq çəki dərəcəsində mübarizə aparan Rafiz Həsənov oldu.

Oxu.Az 30 yaşlı karateçimizdən müsahibə alıb.

– Siz kişi komandamızdan yeganə medal qazanan idmançı oldunuz. Fikirlərinizi öyrənmək maraqlı olardı... 

– Bu yarışa 99 faiz hamı formada gəlir. Çünki Olimpiadaya az vaxt qalıb. Çox şükür ki, Parisdən Bakıya medalla qayıtdım. Ötən il bütün Premyer Liqa yarışlarında iştirak etsəm də, medal qazana bilməmişdim.

– İkinci təsəlliverici yarışından əvvəl diskvalifikasiya ilə üzləşə bilərdiniz. Tatamiyə gec gəlməyiniz nə ilə bağlı idi?

– Fransalı Marven Qarenlə ilk təsəlliverici yarışımda 4:3 qalib gəlsəm də, ayağımdan zədə aldım. Mənim də koreyalı Ci Hvan Li ilə ikinci döyüşüm bir qədər sonra başlamalıydı. Fransalı həkim ayağıma baxmaq üçün məni tatamidən çox kənara apardı. Dedim ki, heç olmasa hakimlərə deyərsiniz ki, zədəsinə görə gec gələcək. Ayağıma buz qoyuldu. Bir də gördüm, məşqçilər məni çağırır ki, bəs hardasan?! Mən də qəsdən kappamı (karateçilərin dişlərini qorumaq üçün ağızlarına taxdığı vasitə – S.M.) götürməyib tatamiyə çıxdım ki, qoy görsünlər, buradayam, bir qədər də vaxt udum. Sonra gedib kappamı da götürdüm. Həkimə sonradan bunu dedim. Mənə dedi ki, hakimlərə demək yadından çıxıb.

– Səhv etmirəmsə, bu döyüşdə komanda yoldaşınızın əlcəyindən də istifadə etdiniz...

– Bəli, Nuranə Əliyevanın əlcəyindən istifadə etdim. Həkim əlcəyimi qoyduğum yerdən götürüb başqa yerə qoymuşdu. Onu yerində tapa bilmədim. Ona görə məcburiyyətdən Nuranənin əlcəyindən istifadə etdim. Ölçüsü mənimkindən bir qədər kiçik idi. Amma həmin döyüşdə 2:0 qalib gəldim.

– Bəlkə elə gələcəkdə Nuranənin əlcəyindən istifadə edəsiniz?

– O da ola bilər (gülür)... 

– Bundan sonrakı Premyer Liqa yarışlarında bürünc medalı qızıla çevirmək mümkün olacaq?

– Mən 2014-cü ildə Premyer Liqada qızıl medal qazanmışam. 67 kq-da Azərbaycandan yeganə qızıl medal qazanan mən olmuşam. Bu dəfə isə ikinci görüşdə italiyalı rəqibim Luka Mareskaya 2:4 hesabı ilə uduzdum. O, sonuncu dünya çempionatında komanda yarışlarının bürünc mükafatçısıdır. 2:1 hesabı ilə öndə olsam da, altı saniyə qalmış xal verdim. Çəkini bir gün əvvəl salmaqla səhv etdim. Bu da özünü göstərdi. Ümumiyyətlə, məndə çəki problemdir. 11 kq çəki salmışdım. Yanvarın 8-i 78 kq idim. Yanvarın 23-də isə tərəziyə 67 kq-da çıxmışdım. Həmin italyanın məğlub etdiyi rəqiblərə mən də təsəlliverici görüşlər zamanı qalib gəldim. Yəni həmin səhvi etməsəydim, finalda olacaq və ən azı gümüş medal qazanacaqdım.

– Olimpiya reytinqində hazırda 28-ci yerdəsiniz. Real yanaşsaq, Olimpiadaya yollanmağınız çətin görünür. Yəqin ki, daha çox gücünüzü 8-10 may tarixlərində Parisdə keçiriləcək lisenziya turnirinə saxlayacaqsınız...

– Düzdür, Olimpiadaya reytinqlə getməyim çətin görünür. Yəqin ki, ötən il nəticələrim yaxşı olsaydı, reytinqdə də yuxarıda qərarlaşardım. Mənim çəkimdə Tural Ağalarzadə ilə sağlam rəqabət gedir. 60 kq çəki dərəcəsindən isə Firdovsi Fərzəliyev də var. O, 20-ci, Tural isə 113-cü yerdədir. Bizim üçümüz də Olimpiadaya 67 kq-dan getmək üçün çalışırıq. Bu yarışdakı nəticəmdən sonra mən bir qədər də reytinqdə qalxacağam. Martda Bakıda keçiriləcək Avropa çempionatında və Parisdəki lisenziya turnirində bu çəkidə bir idmançı mübarizə apara biləcək. Kim layiqdirsə, o da məşqçilər heyətinin qərarı ilə yarışa buraxılacaq. Bütün fikrim məhz Parisdəki yarışdır. İnanıram ki, orada çıxış etsəm, ilk “üçlük”də yer alıb, Olimpiadaya vəsiqə qazana bilərəm.

– Qeyd etdiniz ki, yarışlar üçün 11 kq aşağı çəki salırsınız. Böyük ehtimalla, 75 kq-da Rafael Ağayev Olimpiadadan sonra karyerasını bitirəcək. Ola bilərmi ki, artıq çəki salmaqdan qurtulub elə 75 kq-da Ağayevin davamçısı kimi mübarizə aparasınız?

– İnşallah, o, Olimpiya çempionu olar. 2014-cü ildə Finlandiyanın Tampere şəhərindəki Avropa çempionatında və Almaniyanın Bremen şəhərindəki dünya çempionatında Rafael Ağayev zədəsinə görə iştirak edə bilməmişdi. Onda 75 kq-da onun yerinə mən iştirak etmişdim. Həmin vaxt komanda şəklində Avropa çempionu olmuşduq. Fərdi yarışda isə sonradan Avropa çempionu olan italiyalı Luici Buzaya 2:0 qalib gəlsəm də, təcrübəsizliyimə görə ona 2:3 hesabı ilə uduzdum. Onda 24 yaşım vardı, Buza məndən daha təcrübəli idi. Amma doğrudan da çəki salmaqda çox çətinlik çəkirəm. Bəlkə də dünyada 67 kq-da döyüşənlərdən mənim qədər çəki salan idmançı yoxdur. Maksimum çəki salanı 6-7 kilodur. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri