“İlk Avropa Oyunlarım idi. Turnirə 16 yaşda qatıldım. Ən gənc idmançı mən idim”.
Bunu Oxu.Az-a açıqlamasında Polşada keçirilən III Avropa Oyunlarının bürünc medalçısı Emili Rzayeva deyib.
Gənc muay-tayçı nəticəsindən tam razı olmadığını bildirib:
“Avropa Oyunlarına çox ciddi yanaşırdım. Uzun müddət ağır məşqlər keçdim. Bütün məşqləri atam Emil Rzayevin nəzarətində etmişəm. Bu yarış üçün çəkimi 71 kiloqramdan 62 kq-a salmışdım. Bu da böyük rol oynadı. Medal gözləyirdim, amma daha yaxşısını istəyirdim. Yekunda üçüncü oldum. Gələn dəfə bundan yaxşı nəticə əldə etməyə çalışacağam.
Ümumi çıxışıma gəlincə, döyüşlərimdən narazıyam. Çəki saldığım üçün özümü bir az halsız, gücsüz hiss edirdim. Ən çətin döyüşüm yarımfinalda Çexiya idmançısına qarşı oldu. Halsız olsam da, ilk raundda qalib gəlmişdim. Lakin hakimlər xallarımı vermədilər. Bundan sonra həm həvəssiz idim, həm də gücüm qalmamışdı. Nəticədə ikinci raundu və döyüşü uduzdum”.
E.Rzayeva muay-tay yarışlarında ən gənc idmançı olduğunu xatırladıb:
“Amma çəkinmədim, qorxmadım, gücümü göstərməyə çalışdım. Əvvəl dünya və Avropa çempionatlarından qızıl medallarla qayıtmışam. Budəfəki bürünc medala görə üzülmürəm. Bilirəm ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyəm”.
Gənc idmançı muay-tayla yanaşı, kikboksinqlə də məşğul olduğunu bildirib:
“Muay-tay kikboksinqdən çox fərqlənmir. Sadəcə, burada əlavə olaraq dirsək və diz zərbələri var. Azərbaycanda qız idmançı az olduğuna görə biz daha çox yarışlarda iştirak etmək üçün muay-taya da qatılmışıq. Sırf kikboksinqlə məşğul olsam, ildə iki yarışda iştirak edə bilərəm. Bu, inkişaf etmək üçün azdır. Ona görə də muay-taya qatılmışam”.
Emili Rzayeva gələcək planlarından bəhs edib:
“Avqustda Belarusda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında yarış olacaq. Orada muay-tay yarışına qatılacağam. Yenə çəkimi salacağam. Qızıl medal qazanmaq istəyirəm. Gələn il kikboksinq üzrə dünya çempionatında iştirak etmək istəyirəm. Bütün yarışlardan medalla qayıdacağıma inanıram”.
Avropa Oyunlarının ən gənc azərbaycanlı idmançısı: “Yarımfinalda hakimlər xallarımı vermədilər” - FOTO/VİDEO
Faiq Tahirov