Azərbaycan Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:
“Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik”.
20:29
“Səbail”in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirib.
“Report”un məlumatına görə, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.
Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.
Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.
Qeyd edək ki, birinci hissəsi başa çatan matçda “Turan Tovuz” 1:0 hesabı ilə öndədir.