13 
Noy
2023
00:20
29
94
2053
Virtual karabakh

Qurban Qurbanov: “Millilərin oyununa görə fasilə futbola böyük zərbədir”

13 Noy, 2023
00:20
2053

Qurban Qurbanov: “Millilərin oyununa görə fasilə futbola böyük zərbədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər. Şahin Diniyevə də uğurlar arzulayıram”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunun "Səbail"lə (3:1) görüşündən sonra mətbuat konfransında deyib.

“Qarabağ” həmişə avrokubok matçlarından sonra daxili oyunlarda rotasiyalar etsə də, bugünkü matçda bu olmadı. Baş məşqçi bunun səbəbini açıqlayıb: 

“Futbolçuların durumunu hər məşqdən sonra yoxlayırıq. İki oyun ardıcıl olanda oynamaq olur, üçüncü matç gəldikdə çətinlik yaranır. Futbolçularla da ayrılıqda söhbət etdik, hamısı oynamaq istəyirdi. Bu çox vacibdir. Yorğun olsalar da, dedilər ki, nə qədər lazımdırsa, meydanda ola bilərik. Hazırlıqlarına inanaraq, güvənərək, rotasiyaya çox da ehtiyac duymadım”.

Q.Qurbanov komandasının künc zərbələrindən yararlana bilməməsi haqda isə deyib: 

“Desəm ki, buna çox hazırlaşırıq, yalan olar. Bizim bir neçə tələb etdiyimiz küncdən zərbə var və çalışırıq ki, onu yerinə yetirək. Avrokuboklarda, daxili çempionatda qollarımız da olub. Sırf künc zərbələrinin üzərində çalışan komandalar var. Amma biz daha çox başqa, bizə lazım olan detallar üzərində çalışırıq, işləyirik. Lakin bu o demək deyil ki, biz künc zərbəsi zamanı düşünülməyən ötürmələr veririk. Rəqibi də nəzərə almaq lazımdır. Deməzdim ki, biz nəticəmizi sırf bunun üzərində qurmaq istəyirik. Başqa elementlərə vaxt ayırdığımız kimi, bunun da üzərində işləyirik. Ola bilər ki, standart vəziyyətlərdən tam istifadə etməyi bacaran futbolçularım da azdır. Bunun üçün görürsən xüsusi oyunçular olur ki, ondan istifadə edib, vacib qollar vururlar. Standart vəziyyətlərdən, künc zərbələrindən də qol vuraraq qalib gəldiyimiz oyunlar da olub”.

Q.Qurbanov ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular komandalarının liderinə çevrilə bilməməsi ilə bağlı sualı da cavablandırıb:

“Biz hələ o bazara düşməmişik. Bu, məlum məsələdir. Digər ölkələr sırf bunun üçün çalışırlar, işləyirlər. Bizim futbola Avropadan maraq bir o qədər yoxdur. Bu ayrı sahədir, menecmentlik işi aktivləşməlidir. Federasiya, klub səviyyəsində. Bəlkə bizim kimi klublara sərf etməz ki, oyunçularımız gedib oynasınlar. Çünki limit varsa, əlimizdə yaxşı oyunçular olmalıdır. Yaxşı klublar olsa, buna yox demərik. Buna ayrıca vaxt ayırmaq, daha çox reklam etmək lazımdır. Daha çox görüşlər keçirilməlidir ki, oyunçularımız Avropaya getsinlər. Mentalitet də Avropada oynamaq üçün yetərli olmalıdır. Elə ölkələr var ki, futbolu sırf onun üzərində qurur ki, oyunçuları daha çox legioner həyatı yaşasınlar. Böyük ehtimalla bizdə belə iş qurulmayıb. Buna da illər lazımdır. Gərək Avropa arenasında futbolumuz stabil, üzdə olsun ki, maraq daha çox artsın. Allah qoysa, o da olar. Ümid edək ki, olsun, liderlərimiz olsun”.

Q.Qurbanov milli komandaların oyununa görə yaranan fasilənin komandasına böyük ziyan vurduğunu bildirib: 

“Məncə, bu haqda düşünməyək. Bu haqda o qədər düşünmüşəm ki, başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, gedib zədəli qayıdıb. Məncə, bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilə baxımlı futbola böyük zərbə vurur. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da, bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidir. Gələcəkdə hansısa dəyişiklik olacaq ya, yox bilmirəm. Milli fasilə bizim üçün böyük zərbədir. Oturub gözləmirik ki, oyunçumuz yorğun gələcək, hətta gözləyirik ki, zədəsiz gəlsin. Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram ki, gedəcəklər millidə iki oyun oynayıb, yorğun olacaqlar. Bundan narahat oluram. Milli komandada bunu düşünmürlər. Bəli, milli vacibdir. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə gedəndə, nəsə bir şeylə qayıdırlar. Məşqlər gedir. Məşqlərə baxıram, futbolçunu anlamırlar. Fikirləşirlər ki, klubdan hazır gəlmir. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdır. Elə olur ki, yorğun-yorğun meydana buraxırlar, həm formasından uzaqlaşır, həm zədəyə daha meyilli olur. Mən çalışıram ki, klubda rotasiya edim. İlboyu 45-50 oyun oynayan futbolçu var ki, onlara istirahət verilməlidir, insandırlar, robot deyillər. Özlərinə gəlməlidirlər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. Bir aydan çox oynamadı, bu gün əksinə ona daha çox oynamaq lazımdır. Ehtiyatlanmadım. Ancaq Elvin Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Daim sürətdə olan oyunçudur. Millidə üç günə iki oyun oynayacaqlar. Zərbə klublara dəyir. Bir oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdir. Bütün dünya klubları üçün problem yaranır. Məncə, dünya futbolunda daha nizamlı şəkildə proqram qurulsa, daha faydalı olar. Çünki azarkeş dinamik futbola baxmaq istəyir. Futbolçu yorğun oldusa, nə tələb edəcəksən ondan? Bu gün mən ehtiyatlanırdım. Kənardan baxırdım ki, birdən hansısa futbolçum zədələnər. Hamı yorğundur, nəticə də lazımdır, azarkeş də görmək istəyir oyunçuları. Bizim kimi futbol ölkələrində bərpa o səviyyədə deyil. Avropa ilə müqayisədə fərqlidir. Avropada çox şey var ki, bərpa daha tez olsun, amma bizdə belə şeylər yoxdur. Ona görə də, bizim üçün böyük problemdir. Eybi yox, heç nə olmaz, biz qarşıdakı hansısa oyunu itirək, amma oyunçunu il boyu əlimizdə saxlaya bilək. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Bu futbolçuların istirahətə vaxtı olmur. Futbolçuya istirahət verirəm, gedirlər milliyə. Psixoloji yorğunluqları, fiziki yorğunluqdan daha çoxdur. Millidən bir həftə sonra tur başlasa, daha yaxşı olardı, istirahət edərdilər. Amma yox, gələn kimi üç gündən sonra yenə çempionat oyunu olmalıdır. Nəysə, bu qədər. Yoxsa, sonra birdən məni cərimələyərlər(gülür)”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri