Futbol üzrə İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Tottenhem” doğma meydanda “Nyukasl”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma “Tottenhem”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 26-cı dəqiqəsində D. Udogie hesabı açıb. 38-ci dəqiqədə Riçarlison londonluların ikinci qolunu vurub. İlk hissə 2:0 hesabı ilə başa çatıb.
İkinci hissədə Riçarlison növbəti dəfə fərqlənməklə matçda dubla imza atıb. Braziliyalı futbolçu cinahdan ötürülən topu rəqibin qapısından keçirib. 85-ci dəqiqədə təyin olunan penaltini Min Son dəqiq yerinə yetirərək hesabı daha da artırıb. 90+1-ci dəqiqədə Coelinton hesab arasındakı fərqi azaltmağı bacarıb.
Qələbə sayəsində xallarını 30-a çatdıran “Tottenhem” beşinci pillədə, 26 xalı olan “Nyukasl” isə yeddinci yerdə qərarlaşıb.