"Azərbaycan Mədəniyyəti - 2040" teqi üzrə xəbərlər
Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.
Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modeli aşağıdakıları
nəzərdə tutur:
1. mədəniyyətin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsini;
2. mədəniyyətin fundamentallığını qorumaqla, fərqli müasir alətlər vasitəsilə bu sahənin funksionallığının təmin edilməsini;
3. mədəniyyətin elm, təhsil və innovasiyalarla qarşılıqlı əlaqəsinin təmin edilməsini;
4. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinin və birliyinin qorunmasını;
5. mədəniyyətin bütün sahələrini inkişaf etdirməklə, Azərbaycan mədəniyyətinin potensialından tam istifadə edilməsini;
6. mədəniyyətə hərtərəfli əlçatanlığın (coğrafi, rəqəmsal, fiziki, iqtisadi və s.) təmin edilməsini;
7. qloballaşma şəraitində milli kimliyin və milli-mənəvi dəyərlərin qorunmasını;
8. sürətli rəqəmsallaşma mühitində ənənəvi ünsiyyətin qorunmasını;
9. Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə iştirakının genişləndirilməsini.
Bu məqsədlə mədəniyyət sahələrindən, habelə mədəniyyətin funksionallığının artırılmasına xidmət edən əsas alətlərdən (mədəni və yaradıcı sənaye, mədəniyyət diplomatiyası, rəqəmsallaşma və s.) səmərəli istifadə ilə bağlı davamlı və hədəfli fəaliyyətin həyata keçirilməsi zəruridir.
Konsepsiyada mədəniyyətin aşağıdakı əsas sahələri əhatə olunur:
1. Azərbaycan dili;
2. davranış mədəniyyəti;
3. bilgi mədəniyyəti;
4. ədəbiyyat;
5. incəsənət;
6. mədəni irs.
Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri” aşağıdakıları əhatə edir:
1. milli-mənəvi dəyərlər;
2. tolerantlıq;
3. Azərbaycan dili;
4. fərdilik və özünəməxsusluq;
5. əlçatanlıq;
6. dövlət rəmzlərində təsbit edilən dəyərlər;
7. tarixi şüur, dövlətçilik, milli həmrəylik;
8. hüququn aliliyi, ədalətlilik, bərabərlik, azadlıq və digər ümumbəşəri dəyərlər.
Konsepsiyanın aşağıdakı mərhələlərdə tədbirlər planları əsasında həyata keçirilməsi nəzərdə tutulur:
1. birinci mərhələ: 2026–2030-cu illər;
2. ikinci mərhələ: 2031–2035-ci illər;
3. üçüncü mərhələ: 2036–2040-cı illər.
Növbəti mərhələ üzrə tədbirlər planı əvvəlki mərhələ üçün tədbirlər planının
nəticələrinin qiymətləndirilməsi əsasında tərtib edilir.
Konsepsiya çərçivəsində aşağıdakı dövlət proqramlarının layihələrinin
hazırlanması nəzərdə tutulur:
1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;
2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;
3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;
4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;
5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;
6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.
Bundan əlavə, Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tariximədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır.
Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycan Respublikasının regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu
ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaqdır.