Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub
Bakıda keçirilən IATA-nın Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Hava Yolları" (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Ekoloji Qiymətləndirmə Proqramı"na (IEnvA) qoşulduğunu elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Müqaviləni AZAL-ın Baş Kommersiya inzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.
"IEnvA" aviasiya sahəsində fəaliyyət göstərən tərəfdaşların, o cümlədən aviaşirkətlər, hava limanları, yükdaşıma terminalları, ekspeditorlar, texniki xidmət təminatçıları (MRO), iaşəçilər və yerüstü xidmətləri şirkətlərinin ətraf mühitin mühafizəsi və dayanıqlılıq sahəsindəki fəaliyyətlərini davamlı şəkildə yaxşılaşdırmaq öhdəliklərini müstəqil şəkildə qiymətləndirmək məqsədilə hazırlanmış sertifikatlaşdırma proqramıdır. Bu proqram ISO14001 ekoloji idarəetmə sistemi standartı və IATA-nın Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) də daxil olmaqla, qlobal səviyyədə tanınan standartlar və sənaye üzrə ən yaxşı təcrübələrə əsaslanır. "IEnvA" könüllü əsasda fəaliyyət göstərən, abunəlik əsasında təqdim olunan və ətraf mühitin idarəolunması üçün hazır həll yolu təqdim edən bir sistemdir.
"IEnvA" sertifikatını əldə etdikdən sonra AZAL müxtəlif əməliyyat sahələrində ətraf mühitə təsirini daha yaxşı qiymətləndirə, idarə edə və optimallaşdıra biləcək. Bu, şirkətə ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa imkan verəcək.
"IATA-nın "IEnvA" proqramına qoşulmaq AZAL-ın dayanıqlılıq yolunda atdığı mühüm bir addımdır. Bu proqram bizə ətraf mühit üzrə göstəricilərimizi sistemli şəkildə yaxşılaşdırmaq, ən yaxşı qlobal təcrübələrlə ayaqlaşmaq və aviasiya sənayesinin dekarbonizasiya hədəflərinə töhfə vermək üçün güclü bir çərçivə təqdim edəcək",- deyə AZAL-ın Baş Kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
"AZAL-ın "IEnvA" proqramına üzv olması şirkətin ətraf mühitin idarə olunması təcrübələrini və ümumilikdə dayanıqlılıq səviyyəsini yaxşılaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. IATA olaraq aviasiya sənayesində dünya səviyyəli ətraf mühitin idarə olunması təcrübələrinin tətbiqində üzvlərimizlə birgə çalışmaqdan qürur duyuruq. Çünki dayanıqlılıq üzrə öhdəliklərimizi yerinə yetirmək bütün aviaşirkət sənayesi üçün həyati bir çağırışdır", - deyə IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
"IEnvA" proqramını tətbiq etməklə AZAL beynəlxalq aviasiya ictimaiyyəti ilə inteqrasiyasını gücləndirməyi və ətraf mühitə təsirin azaldılması üzrə qlobal aviasiya sənayesi hədəfləri ilə uzlaşmağı qarşısına məqsəd qoyur.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- "Skytrax" AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
- AZAL ilə "Uzbekistan Airways" arasında kod-şerinq müqaviləsi imzalanıb
- AZAL bir sıra reysləri ləğv etdi - Bakıdan Tehran və Təl-Əvivə uçuşlar DAYANDIRILDI
- AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
- İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq?