Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı-Təbriz-Bakı marşrutu üzrə reyslərə başlayacaq.
Oxu.Az AZAL-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılacaq.
Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.
AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.