Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya aviaşirkətləri Azərbaycana olan bəzi reysləri ləğv etdi - SİYAHI
Rusiyanın "İrAero", "Ural Airlines" və "Utair" aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana olan reysləri ləğv ediblər.
Oxu.Az bu barədə Rusiya mediasına istinadən məlumat verir.
Bildirilir ki, "Utair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv bildirişləri almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Məlumata görə, hava reyslərin ləğvi şirkət nümayəndələrinin "VKontakte"dəki rəsmi kanalında cavabları ilə təsdiqlənir. Bununla belə, "Utair"dən rəsmi açıqlama yoxdur.
"Utair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reyslər davam edir.
"IrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya olan reysləri cədvəldən çıxarıb. Bu reyslərə olan biletlər bronlaşdırma sistemindən tamamilə silinib.
"IrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.
"Ural Airlines" Soçidən olan proqramını dayandırıb. Bakıya Moskva və Yekaterinburqdan olan reyslərə biletlər satışda qalıb.
Xatırladaq ki, Azərbaycan Mülki Aviasiya Dövlət Agentliyi 28 dekabr 2024-cü il tarixindən AZAL təyyarəsinin qəzasının yekun araşdırması başa çatanadək Rusiyanın səkkiz şəhərinə - Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladiqafqaza uçuşları dayandırmaq qərarına gəlib. Dekabrın 25-dən Qroznı və Mahaçqalaya uçuşlara məhdudiyyətlər tətbiq edilib. Qərar bu istiqamətlərdə uçuşlar həyata keçirən bütün aviaşirkətlərə aiddir.
Rəylər